Erməni terror təşkilatları tərəfindən qətlə yetirilən türk diplomatların xatirəsinə İstanbulda sərgi açılacaq
Erməni terror təşkilatları tərəfindən qətlə yetirilən türk diplomatların xatirəsinin yad edilməsi məqsədilə İstanbulda sərgi açılacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aprelin 24-dən mayın 30-dək davam edəcək “Şəhid diplomatlar” fotosərgisi Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən təşkil ediləcək.
Rəsmi “Twitter” hesabında sərgi ilə bağlı məlumat verən Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun erməni terror təşkilatlarını lənətlədiklərini ifadə edib.
İdarədən verilən açıqlamada ASALA, JCAG kimi erməni terror təşkilatları tərəfindən 1970-ci və sonrakı illərdə həyata keçirilən terror aktları və hücumlar nəticəsində dünyanın müxtəlif yerlərində 31-i türk diplomat və onların ailə üzvləri olmaqla, ümumilikdə 77 Türkiyə vətəndaşının qətlə yetirildiyi, çox sayda insanın xəsarət aldığı bildirilir. Açıqlamada sərginin 1973-1984-cü illər arasında erməni terror təşkilatlarının təhdid və hücumlarına baxmayaraq, vəzifəsini tərk etməyən, bu səbəbdən həyatını itirən türk diplomatlara həsr olunduğu bildirilir.
“Şəhid diplomatlar” sərgisi İstanbulla yanaşı, aprelin 24-26-da Los-Ancelesdə də nümayiş etdiriləcək.
Sərgidə Türkiyənin 1915-ci il hadisələrinə dair həqiqətləri ortaya çıxarmaq məqsədilə gördüyü işlər də nümayiş olunacaq.