Dövlətlərin işinə qarışması ilə tanınan və bu səbəbdən mənfi reputasiyası olan ABŞ-ın Soros Fondunun fəaliyyətini ərazisində qadağan edən ölkələrin sayı artır. Maliyyə möhtəkiri və xaos müəllifi kimi ad çıxaran fondun rəhbəri Corc Soros bu qurumu təhdid mənbəyinə çevirib.
Fond fəaliyyət göstərdiyi ölkələrin daxili həyatına müdaxilə edərək, onları özündən asılı vəziyyətə salmağa çalışır. Onun maliyyələşdirdiyi rəngli inqilablar bu proseslərin iştirakçısı olan xalqlara yalnız bədbəxtlik gətirib. Bunu Ermənistanın timsalında açıq şəkildə görmək mümkündür.
2018-ci ildə Ermənistanda baş vermiş “məxməri inqilab” nəticəsində Nikol Paşinyanın baş nazir postuna yiyələnməsi ilə sözügedən ölkədə Soros Fondunun mövqeləri sürətlə möhkəmlənməyə başladı.
Hələ 1997-ci ildə Ermənistanda fəaliyyətə başlayan “Açıq Cəmiyyət Fondu - Ermənistan”, demək olar ki, 2018-ci ildə qarşısına qoyduğu əsas məqsədə çataraq bu kasıb postsovet ölkəsində hakimiyyətə nəzarət imkanları qazanıb. Ermənistan hakimiyyətinin Soros Fondunun təsir dairəsində olduğu heç kimə sirr deyil. Paşinyanın verdiyi qərarlar və kadr təyinatları da bunun əyani sübutu kimi çıxış etdi. Paşinyan hakimiyyəti hələ də bütün mənalarda Soros Fonduna bağlıdır.
Təsadüfi deyildir ki, onun hakimiyyətə gəlişindən sonra Soros bu ölkəyə daha çox vəsait ayırmağa başlayıb. Təhlillər göstərir ki, fond bir çox postsovet ölkələrində “məxməri inqilab” etmək üçün səy göstərib, amma onun ən uğurlu olduğu ölkə Ermənistandır. Görünən həm də odur ki, Sorosun idarəsində olan Paşinyan və komandası artıq demokratiya adı altında ölkədə avtoritar rejim yaradır. Ən azından baş verən son hadisələr bunun təsdiqidir.
Paşinyanın Zəngəzur vilayətinə səfərinin fiaskoya uğramasından sonra müxalif düşərgəyə başlanan hücum da Soros Ermənistanının iç üzünü açır. Xatırladaq ki, Zəngəzura getdikdən sonra Mehri və Aqark şəhərlərində sakinlər Paşinyanı qovdular. Daha sonra Mehri şəhərinin meri Mxitar Zakaryan tutularaq Yerevana gətirilib. Mer barəsində Ermənistan Cinayət Məcəlləsinin “xuliqanlıq, bir qrup şəxs tərəfindən ictimai asayişin qəsdən pozulması”, eləcə də “hökumət nümayəndəsinə qarşı zor tətbiq etmə” maddələri ilə ittiham irəli sürülüb. Bundan sonra Yerevanda bir qrup fəal Nazirlər Kabinetinin qarşısında Paşinyanın binaya daxil olmasının qarşısını almaq üçün özlərini giriş darvazasına qandallayıb. Polis dərhal hərəkətə keçib və həmin qandalları açmaq üçün mişardan istifadə edib. Ardınca bütün aksiya iştirakçıları həbs edilib. Ermənistanda baş verən bu hadisələr həm də Soros demokratiyasının maskasını cırır və göstərir ki, Sorosun vəd etdiyi demokratiya daha çox xaosdur.
İndi Soros Ermənistandan onun bədnam niyyətlərinə qarşı çıxan dövlətlərə qarşı da istifadə edir. Bunlar sırasında Azərbaycan və Türkiyə də yer alır. Sorosun yeni Ermənistan layihəsi bu gün Azərbaycana düşmənçiliyin gücləndirilməsi üzərində qurulub. Ermənistan hakimiyyəti Soros Fondu və bu kimi beynəlxalq strukturların tövsiyə və təlimatlarına uyğun işləyir. Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı sorosçu deputatlar tərəfindən hücumlar da bunu təsdiq edir. Həqiqətdir ki, AŞ PA-da sözügedən fondun maliyyələşdirdiyi deputatlar var və onların vasitəsilə hər fürsətdə ölkəmizi hədəfə almaq cəhdləri edilir. Təbii ki, bütün bunlar da təsadüfi deyil. Fondun Ermənistan hakimiyyəti ilə əlaqələri, erməni lobbisinin və onun əlaltılarının anti-Azərbaycan və anti-Türkiyə fəaliyyəti Sorosun maraqları ilə uzlaşır.
AŞ PA-nın yaz sessiyasında “Azərbaycandakı erməni əsirləri”n məsələsinin gündəliyə salınması məhz sorosçu deputatların canfəşanlığı hesabına baş tutub. Azərbaycan tərəfi bu məsələyə çoxdan münasibət bildirib. Rəsmi Bakı ölkədə Ermənistana aid əsirlərin olmadığını və tutulanların terrorçular olduğunu dəfələrlə vurğulayıb. Amma görünən budur ki, AŞ PA-da bu xüsusda səs-küy salan sorosçu deputatlar üçün terrorçuların azadlığa çıxması daha önəmlidir.
O da həqiqətdir ki, AŞ PA-da Azərbaycana qarşı qəbul olunan qərarların arxasında erməni lobbisinin də təmsil olunduğu Soros şəbəkəsi dayanır. Hələ 2017-ci ildə Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan kampaniyası aparan erməni şəbəkəsini deşifrə edən məlumatlar baş verənləri indi daha yaxşı anlamağa imkan verir. Həmin hesabatda AŞ PA-dakı anti-Azərbaycan əməliyyatlarının 2012-ci ildən gücləndiyini və bu prosesi tərkibində Corc Sorosun da olduğu məlum şəbəkənin həyata keçirdiyi faktlarla sübut olunur.
İndi də AŞ PA-da erməni terrorçularla bağlı Azərbaycana qarşı növbəti hücum cəhdinin də arxasında Soros Fondu və qurumda bu fonda bağlı olan şəbəkə dayanır. Kampaniya artıq iflasa uğrayıb. Eyni zamanda o da nəzərə alınmalıdır ki, AŞ PA-nın çıxaracağı hansısa qərarın heç bir əhəmiyyəti də olmayacaq. Erməni lobbisinin və Soros kimilərinin maraq dairələrinin əlində alətə çevrilməsi AŞ PA-nın nüfuzunu ciddi şəkildə zədələyib.
Reallıqda o da sirr deyil ki, Azərbaycanla “əsirləri qaytar” oyunu, Türkiyə ilə “erməni soyqırımı” saxtakarlığı sorosların ermənilərə verdiyi tezisdir. Amma Soros həlqəsinin Qafqazda daralması, məhv olması qaçılmazdır.
Elçin Cəfərov
“Azərbaycan” qəzeti