ABŞ prezidenti Co Baydenin ilk 100 günlük hakimiyyətindən məmnunluq reytinqi 52% təşkil edib. 1945-ci ildən bəri belə aşağı göstərici yalnız Cerald Ford (48%) və Donald Trampda (42%) müşahidə olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu "Washington Post" və "ABC News"un keçirdiyi birgə sorğunun nəticələri göstərir.
Sorğunun nəticələrində görə, respondentlərin 52%-i "birmənalı" və ya "müəyyən mənada" Baydenin işini bəyənir. Onlardan 90%-i demokrat, 47%-i müstəqil respondent, 13%-i isə respublikaçılardır.
Rəyi soruşulanların 42 faizi Baydenin işindən narazıdır.
Bundan əlavə, respondentlərin 64%-i koronavirusla mübarizədə Baydenin siyasətini təqdir edir. Onun iqtisadi siyasəti 52% respondent tərəfindən dəstəklənir. Meksika ilə sərhəddə miqrasiya böhranı ilə bağlı siyasətə cəmi 37% respondent dəstək verib.
Qeyd edək ki, sorğu 18-21 aprel tarixlərində telefon vasitəsilə aparılıb.