Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan aprelin 26-da Seçki Məcəlləsinə dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, qanun layihəsi aprelin 1-də Ermənistan parlamenti tərəfindən təsdiqləndikdən sonra imzalanması üçün prezident Armen Sarkisyana göndərilib. O, ölkədə parlament seçkilərinin proporsional qaydada keçirilməsini nəzərdə tutan qanunu imzalamayacağını bildirib, lakin Konstitusiya məhkəməsinə də müraciət etməyib. Nəticədə dövlət başçısının əvəzinə qanunu parlamentin spikeri imzalamalı olub.
Bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan respublikada növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə əlaqədar vəzifəsindən istefa verdiyini açıqlayıb. Lakin o, seçkilərə qədər Nazirlər Kabineti rəhbərinin vəzifələrinin icrasını davam etdirəcək. Nikol Paşinyanın ardından ölkə hökuməti də istefaya gedib. Ekspertlər seçkilərdə Ermənistanın ikinci prezidenti Robert Koçaryan tərəfdarlarını Nikol Paşinyan blokunun əsas rəqibi hesab edirlər.
Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkilərinin iyunun 20-də keçirilməsi planlaşdırılır.