Hindistan Milli Azadlıq Hərəkatının lideri Mahatma Qandinin Ermənistanın paytaxtı Yerevandakı heykəlinin yandırılması ölkə mətbuatında və sosial şəbəkələrdə rezonansa səbəb olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.
Bildirilib ki, Mahatma Qandinin heykəli Yerevanda 2020-ci ildə ucaldılıb. Onda ermənilər arasında heykəlin qoyulmasına etiraz edənlər də az olmayıb. Buna səbəb olaraq Mahatma Qandinin Mustafa Kamal Atatürk başda olmaqla Türkiyənin o vaxtkı rəhbərliyi ilə münasibətlərinin yaxşı olması və ermənilərin saxta soyqırımı iddialarını qəbul etməməsi göstərilir.
Bundan başqa iddia edilib ki, Hindistanın Ermənistandakı səfirliyinin tvitter səhifəsində aprelin 24-ü ilə bağlı qeyddə əvvəlcə “soyqırımı” ifadəsi yazılsa da, bir neçə saat sonra söz mətndən çıxarılıb.
Mahatma Qandinin yandırılmış heykəlini ermənilər sosial şəbəkədə paylaşaraq bunu qisasın alınması kimi təqdim ediblər. Məlumata görə, azadlıq liderinin heykəli yandırılmazdan iki gün əvvəl ona yumurta atılmışdı.
Ermənilər iddia ediblər ki, Ermənistan Pakistanla münaqişədə birmənalı olaraq Hindistanın mövqeyini dəstəkləyir. Onlar hesab edir ki, bu yolla saxta iddialarını Hindistana qəbul etdirə biləcəklər.
Yerevan merliyinin mətbuat katibi Akop Karapetyan Qandinin heykəlinin Ermənistan Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə qoyulduğunu bildirib. O, belə abidələrin elmi əsaslandırmadan sonra ucaldıldığını da vurğulayıb.
Qeyd edək ki, mütəxəssislər ermənilərin Mahatma Qandini sevmədiklərini və ona düşmən mövqedən yanaşdıqlarını bildiriblər.