NASA helikopterinin Marsda dördüncü uçuşu bu gün baş tutacaq

A- A A+

ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsinin (NASA) “Ingenuity” helikopterinin Mars planetində dördüncü uçuşu bu gün baş tutacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumat NASA-nın tviter səhifəsində yerləşdirilib.

Uçuş əvvəlcə cümə axşamı gününə planlaşdırılmışdı. Lakin texniki nasazlıq səbəbindən aparatın Mars səthindən uçuşunu təyin olunmuş vaxtda həyata keçirmək mümkün olmayıb. Buna səbəb kimi helikopterin uçuş rejiminə vaxtında keçməməsi göstərilir.

“Biz aprelin 30-da yenidən dördüncü uçuşu həyata keçirməyə çalışacağıq. İlk məlumatların elə həmin gün ABŞ-ın Şərq sahilləri vaxtı ilə saat 13:39-da (Bakı vaxtı ilə 21:39) əldə olunacağı gözlənilir”, - deyə məlumatda bildirilir.

NASA-nın planına əsasən, helikopter təxminən 5 metr hündürlüyə qaxacaq və saniyədə 3,5 metr sürətlə cənub istiqamətində 133 metr məsafə qət edəcək.

Qeyd edək ki, 1,8 kiloqramlıq “Ingenuity” helikopteri ilk dəfə aprelin 19-da Mars səthindən 3 metr yüksəyə qalxıb və havada cəmi 39,1 saniyə qalıb. Aprelin 22-də artıq 5 metr yüksəyə qalxaraq 2 metr məsafə qət edən aparat bundan üç gün sonra (25 aprel) 50 metr məsafəyə uçaraq geri qayıtmağa müvəffəq olub.

Hazırlanması 80 milyon dollara başa gələn “Ingenuity” dron-helikopteri fevralın 18-də “Perseverance” adlı Marsda gəzən aparat ilə birgə Ezero kraterinə gətirilib. Helikopterin fəaliyyəti 31 gün müddətinə nəzərdə tutulub. Onun əsas missiyası qədim zamanlarda Qırmızı planetdə mövcud ola biləcək həyat izlərini aşkarlamağa çalışmaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: