“Blue Origin” kompaniyası iyulun 20-də start götürəcək “New Shepard” suborbital gəminin göyərtəsində bir sərnişin yerini onlayn-hərraca çıxarıb.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, kosmosa səyahət etmək istəyənlər şirkətin saytında ərizə ilə müraciət etməlidir. Hərrac üç mərhələdən ibarət olacaq. Mayın 5-19-da baş tutacaq birinci mərhələdə istənilən şəxs iştirak edə biləcək. Müraciətlər və göstərilən məbləğlər digər iştirakçılar tərəfindən görünməyəcək. Birinci mərhələnin nəticələri mayın 19-da dərc olunacaq. Bundan sonra hərracı davam etdirmək istəyənlər birinci mərhələnin ən yüksək təklifindən daha artıq qiymət təklif etməlidir. Yeganə sərnişin yerinin taleyi iyunun 12-də real vaxt rejimində keçiriləcək onlayn-ticarət zamanı müəyyən ediləcək.
Qeyd edək ki, “Blue Origin” raketi suborbital uçuş həyata keçirəcək, yəni 100 kilometrdən yüksəyə qalxmayacaq və Karman xətti adlandırılan zonanı tərk etməyəcək.
“New Shepard” kosmik gəmisindəki sərnişinlər təxminən üç dəqiqə çəkisizlik şəraitində qalacaq və kosmosun qaranlığını görəcək. Gələcəkdə uçuş biletinin qiymətinin 200 min dollara qədər yüksələcəyi gözlənilir.