Birləşmiş Ştatlar ABŞ və koalisiya qoşunlarının Əfqanıstandan təhlükəsiz çıxarılmasını təmin etmək üçün əlavə olaraq bu ölkəyə 10-a yaxın qırıcı təyyarə göndərib.
NUHÇIXAN İnformasiya Agentliyi Associated Press agentliyinə istinadla xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin birləşmiş qərargah rəisləri komitəsinin sədri general Mark Milli ölkədən çıxarılan qoşunları qorumaq üçün F-18 qırıcı təyyarələrindən istifadə olunacağını bildirib. Həmçinin bu əməliyyatlarda “Dwight Eisenhower” aviasiya gəmisi və altı ədəd B-52 strateji bombardmançı təyyarə də iştirak edəcək.
General Mark Millinin sözlərinə görə, Pentaqon amerikalı hərbçilər ölkəni tərk etdikdən sonra da rəsmi Kabilə hərbi dəstək göstərə və üçüncü ölkədə Əfqanıstanın təhlükəsizlik qüvvələrinin təlimini davam etdirə bilər.
Qeyd edək ki, NATO aprelin 29-dan etibarən öz qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb. Bu vaxta qədər ölkədə təxminən 2,5 min ABŞ hərbçisi və xüsusi əməliyyatlarda iştirak edən bir neçə yüz amerikalı hərbçi qalmışdı. Onların hamısı ABŞ Prezidentinin fərmanı ilə Əfqanıstanı tərk edəcək.
Prezident Cozef Bayden administrasiyası qoşunların Əfqanıstandan çıxarılması prosesini sentyabrın 11-nə qədər tamamlamağı planlaşdırır. Əvvəlki ABŞ administrasiyası isə “Taliban” hərəkatı ilə razılaşmaya əsasən, qoşunları mayın 1-nə qədər ölkədən çıxarmalı idi. Taliblər Cozef Baydenin qoşunları çıxarma tarixini dəyişdirmək qərarını sazişin pozulması kimi qiymətləndirib və cavab tədbirlərinə hazır olduqlarını bildirirlər.