Türkiyənin Marmara dənizində hər gün artan selik təbəqəsi burada yaşayan canlılar üçün böyük təhlükə yaradır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, artıq bir neçə gündür İstanbulun müxtəlif sahillərində Marmara dənizində qatı selik təbəqəsi müşahidə edilir. Köpük halında özünü büruzə verən bu qatı selik təbəqəsi dənizin üst qismində daha çox dib hissələrində toplanır ki, bu da canlıların tələf olması ilə nəticələnir. Bundan əlavə, selik təbəqəsi ətrafda pis qoxu ilə də müşahidə edilir.
İstanbul Böyükşəhər Bələdiyyəsindən bununla bağlı verilən açıqlamada baş verən təbiət hadisəsinin dənizdə yosunların həddindən artıq çoxalması ilə əlaqəli olduğu bildirilir. Mütəxəssislər isə bunu dəniz kirliliyinin artması ilə izah edirlər. Onların fikrincə, yaranmış vəziyyət bir-iki ay ərzində dənizdə suyun temperaturunun artması nəticəsində normallaşacaq.