Ermənistan əhalisi daha 10 min nəfər azalıb

A- A A+

Ermənistanda işğalçılıq siyasəti ilə ölkəni təcrid vəziyyətinə salan hökumət iqtisadi böhranın yaratdığı çətinlikləri aradan qaldıra bilmir. Bu da işğalçı ölkədən köçü sürətləndirib. NUHÇIXAN-ın məlumatına görə, yarım ildə Ermənistan əhalisi daha 10 min nəfər azalıb. Onların arasında vətəndaşlıqdan imtina edənlərin sayı çoxdur.

Ermənistan Statistika ximdətinin son məlumatı işğalçı ölkədə ümidləri puç edib. Əhali yarım ildə daha 10 min nəfər azalıb. “ARKA” internet nəşri yazır ki, bunun əsas səbəbi ölkədə geniş miqyas alan köçdür. 6 min nəfər mənfi miqrasiya saldosunun payına düşüb. Təbii azalma isə 3,1 min nəfər qeydə alınıb. İlin birinci yarısında doğulan uşaqların sayı da 5,7% azalaraq 16 min 189 nəfərə düşüb. Ermənistan vətəndaşlığından imtina edənlərin sayının artması da əhalinin sayının azalmasına mənfi təsir göstərib. 2017-ci ildə 5250 nəfər ölkə vətəndaşlığından çıxıb. Bu da 2016-cı illə müqayisədə 35,9 faiz çoxdur. Son iki ildə təkcə 25144 nəfər Rusiya Federasiyasında vətəndaşlıq alıb. Onların böyük hissəsi Kotayk, Lori və Şirak bölgəsinin sakinləridir. Yazıda qeyd olunur ki, hazırda Ermənistan əhalisinin sayı 2 milyon 900 min təşkil edir. Analitiklər isə bunu şişirdilmiş rəqəm olduğunu bildirirlər. Bu məsələyə hələ 2013-cü ildə məqalə həsr etmiş “News.am” portalı Ermənistan əhalisinin 2 milyondan çox olmadığını yazırdı. Məsələn, təkcə Qafanda polis 37 min, şəhər rəhbərliyi 43 min, statistika isə 62 min nəfərin azaldığını bildirir. Ermənistan əhalisi 1992-ci ilə qədər 3,7 milyon olub. Erməni ekspertlər Levon Ter-Petrosyanın dövründə əhalinin 0,6 milyon, Koçaryanın dövründə 0,7 milyon və Serj Sarkisyanın dövründə 0,45 milyon azaldığını bildirirlər. Deməli, hazırda Ermənistanın real əhalisi təxminən 1,9 milyon ətrafında dəyişir. Miqrasiyanın əsas səbəbi kimi işğalçı ölkədə hökm sürən qeyri-sabit ictimai-siyasi vəziyyət, işsizlik, səfalət göstərilir. “Walk Free Foundation” beynəlxalq qeyri-kommersiya təşkilatının hesabatı da Ermənistanda vəziyyətin ağır olduğunu göstərir. Bildirilir ki, Ermənistanda 16 min nəfər demək olar kölə kimi yaşayır. Müasir köləliyin nisbi göstəricisi üzrə bu ölkə dünyanın 167 ölkəsi arasında 68-ci, Avropanın və Mərkəzi Asiya ölkələri arasında isə 50 ölkə arasında 13-cü yeri tutub. Ermənilər Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə Ermənistandan köçün dayanacağın, vəziyyətlərinin düzələcəyini iddia edirdilər. Amma son rəqəmlər, hesabatlar göstərir ki, yeni hökumət də köçü dayandıra, problemləri həll edə bilmir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: