Türkiyə Daxili İşlər Nazirliyi yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tətbiq olunmuş məhdudiyyətlərin idarə olunması ilə bağlı növbəti mərhələ üçün təlimatı açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aprelin 29-da yerli vaxtla saat 19:00-da qüvvəyə minən növbəti “Evdə qal!” rejimi tam qapanma şəraitində mayın 17-də saat 05:00-da başa çatacaq. Mayın 17-dən iyunun 1-dək ölkə üzrə mərhələli normallaşma tədbirləri həyata keçiriləcək. Bu dövrdə həftənin ilk beş günü “Evdə qal!” rejimi saat 21:00-dan ertəsi gün saat 05.00-dək, həftənin cümə günləri tətbiq olunan eyni qayda həmin saatda başlayıb bazar ertəsi saat 05.00-dək qüvvədə olacaq. Bu mərhələdə yaşı 65-dən yuxarı olan koronavirusa qarşı peyvənd vurduran şəxslərin və 18 yaşdan kiçik təbəqənin evdən çıxmasına məhdudiyyət nəzərdə tutulmur. Peyvənd olmayan 65 yaşdan yuxarı insanlar saat 10.00-14.00 arasında evdən çıxa bilərlər. Ticarət mərkəzləri həftənin ilk beş günü saat 10.00-20.00 arasında xidmət göstərəcəklər. Kütləvi iştirakla toy və nişan mərasimlərinə icazə verilmir. Mərhələli normallaşma dövründə qocalar evi və pansionatların ziyarəti qadağandır. Restoran və yeməkxanalar, eləcə də məktəblər müəyyən məhdudiyyətlərlə çalışacaq.