ABŞ-ın “Microsoft” korporasiyası 2022-ci il iyunun 15-dək “Internet Explorer” brauzerinə dəstəyini tamamilə dayandıracaq.
NUHÇIXAN İnformasiya Agentliyi şirkətin press-relizinə istinadən xəbər verir ki, “Edge” brauzerinə quraşdırılmış "IE rejimi" köhnəlmiş veb-sayt və proqramlara giriş əldə etməyə imkan verəcək.
“Microsoft”dan bildirilib ki, bütün axtarış tarixçəsinin məlumatlarını və şifrləri “Internet Explorer”dən “Edge”yə bir neçə kliklə daşımaq mümkündür. Şirkət “Internet Explorer” brauzeri əsasında işləyən biznes sahələri üçün bu keçidi etməyə kömək edəcək göstərişlər siyahısı hazırlayıb.
Korporasiya “Internet Explorer”dən imtinanın səbəblərindən biri kimi istifadəçilərin məlumatlarının qorunmasını göstərib. “Edge” brauzeri “Microsoft Defender SmartScreen” həllinin köməyi ilə fişinq hücumlar və zərərli proqramlara qarşı qoruma təklif edir. Bundan başqa, “Password Monitor” funksiyası istifadəçilərin məxfi məlumatlarında sızmanı izləməyə kömək edir.
Xatırladaq ki, ABŞ-ın “Microsoft” korporasiyası 1975-ci ildə Bill Qeyts və Pol Allen tərəfindən təsis edilib, mənzil-qərargahı Redmondda yerləşir. Şirkət proqram təminatının hazırlanması üzrə ixtisaslaşıb.