İsveçrənin “Republik” onlayn qəzetində jurnalist Andre Vidmerin müəllifi olduğu “Dağıntılardan geri qalan izlər” sərlövhəli məqalə dərc edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə jurnalist Ermənistanın işğalından azad olunmuş Azərbaycan ərazilərinə növbəti səfəri zamanı doğma torpağına geri dönən insanların təəssüratlarını qələmə alıb.
Məqalədə oxuculara Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ötən əsrin 90-cı illərində baş vermiş müharibə zamanı tərəflərin verdiyi itkilər, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, ətraf ərazilərinin də işğala məruz qalması barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, münaqişə başa çatdıqdan və ərazilər işğaldan azad edildikdən sonra azərbaycanlılar doğma torpaqlarına geri dönürlər. Lakin ərazilər minalandığına və yaşayış məntəqələri tamamilə dağıdıldığına görə bu qayıdış hələlik xüsusi icazələr əsasında və qısamüddətli xarakter daşıyır.
A.Vidmer əslən Cəbrayıldan olan və 15 yaşında doğma rayonunu tərk etmək məcburiyyətində qalan Ülvi Abasquliyevi müşayiət edərkən müşahidələrini qələmə alıb. Müəllif yazır ki, Horadiz şəhərini arxada qoyduqdan sonra qarşılarında kimsəsiz qalmış və dağıntılar dolu bir ərazi görünür. Ərazilər minalanıb, kənd və şəhərlərdə evlər və binalar erməni işğalı zamanı talan olunub. Hərbçilərin yaşayışı üçün nəzərdə tutulmuş tək-tük binalardan savayı, ərazidə bütün infrastruktur məhv edilib. Burada normal həyat sürmək üçün praktiki olaraq heç nə yoxdur.
1993-cü ildə tərk etdiyi rayonuna ilk dəfə geri dönən Ü.Abasquliyev yol boyu həyəcanını gizlətmədən təəssüratlarını bölüşür, uşaqlığını keçirdiyi yerlər haqqında məlumat verirdi. Cəbrayıl şəhərinədək Yuxarı Maralyan, Şükürbəyli, Əmirvarli, Soltanlı kəndlərindən keçdiklərini yazan A. Vidmer burada da evlərin quru divarlarından başqa heç nəyin salamat qalmadığını yazır. Xudafərin körpüsünün yanında avtomobili saxlayarkən Ü.Abasquliyev çınqıllı yolun bir vaxtlar dəmir yolu olduğunu, işğal zamanı dəmir relslərin daşınıb aparıldığını bildirir.
Cəbrayılda “Dostluq” bulağından su içən və Bakıda məcburi köçkün həyatı sürən qohumları üçün bulaqdan su götürən Ü.Abasquliyev sonra özünün doğulub boya-başa çatdığı evi ziyarət edir. Göz yaşlarına hakim ola bilməyən Ülvi doğma evlərinin mətbəxinin divarından bir neçə kafeli anası üçün xatirə olaraq götürür. O bildirir ki, valideynləri doğma torpaqlara geri dönəcəkləri günü səbirsizliklə gözləyirlər.
A.Vidmer qeydlərində 2016-cı il aprel döyüşlərinə də toxunur. Dördgünlük döyüşlər nəticəsində Azərbaycanın müəyyən əraziləri işğaldan azad etdiyini və bundan bir neçə il sonra - 2018-ci ildə Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəldiyini diqqətə çatdırır. Qeyd edilir ki, N. Paşinyan hakimiyyətə gəldikdən sonra daha sərt ritorika nümayiş etdirib və münaqişənin nizamlanması üçün aparılan danışıqlar dayandırılıb. 2019-cu ildə isə Paşinyan Ermənistanın Dağlıq Qarabağla birləşməsinin məqsəd olaraq qarşıya qoyulduğunu elan edib. Bunun ardınca isə 2020-ci ilin iyul hadisələri və sentyabrın sonunda cəmi 44 gün davam edən həlledici müharibə baş verib. Müharibənin gedişatından və rəqəmlərdən bəhs edən jurnalist döyüşlərin taleyinin Şuşa şəhərinin işğaldan azad olunması ilə həll olunduğunu qeyd edir. Bildirilir ki, noyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə müharibə dayandırılıb. Müharibənin bu mərhələsində döyüşlərin dayandırılması döyüş meydanında erməniləri tam mühasirəyə alınmaqdan xilas edir.
Ərazilərin minalardan təmizlənməsi, yaşayış məskənlərinin və infrastrukturun yenidən qurulması, insanların doğma torpağına geri dönməsi üçün uzun zamana ehtiyacı olduğunu vurğulayan müəllif oxuculara vəziyyəti ən kiçik detallarınadək qədər izah edir. O yazır ki, Ermənistanın keçmiş erməni müdafiə naziri Ohanyanın adını daşıyan müdafiə xətti bəzi yerlərdə 34 kilometr enində çoxsaylı müdafiə istehkamlarından ibarət olub. Təkcə minalanmış sahələr altı cərgədən təşkil olunub və hər cərgə arasında iki metrlik boş sahə qoyulub. Burada həm tank, həm də piyada əleyhinə minalar basdırılıb və münaqişə başa çatandan bəri 20-yə yaxın azərbaycanlı mina partlayışı nəticəsində həyatını itirib, çox sayda insan isə yaralanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) hazırda ərazidə ciddi işlər aparır və rəsmi Bakı işğaldan azad edilmiş ərazilərin bərpasına xüsusi diqqət yetirir. Döyüşlər başa çatdıqdan az sonra Tərtər şəhərini Suqovuşan qəsəbəsi ilə birləşdirən yolun inşası, elektrik xətlərinin təmiri, Füzulidə beynəlxalq hava limanının tikintisi, Əhmədbəylidən Şuşaya yeni yolun salınması bu qəbildən görülən işlər sırasındadır. Həmçinin qeyd edilir ki, Azərbaycan hökuməti erməni işğalçıları tərəfindən dağıdılmış və talan edilmiş ərazilərdə regional mərkəzlər yaratmaq niyyətindədir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə istinadla bildirilir ki, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri yeni yaşayış binaları, məktəblər və səhiyyə müəssisələrini özündə ehtiva edən müasir yaşayış məntəqələri olacaqdır.
Həmçinin diqqətə çatdırılır ki, ADA Universiteti hazırda onlayn sorğu əsasında qaçqın və məcburi köçkünlər arasında doğma torpaqlarına dönməklə bağlı sorğu aparır. Bu istəyi ifadə edənlərdən biri də Xaliq Hümbətovdur. Suqovuşanda doğulub böyüyən və torpaqların işğalı zamanı məcburi köçkünə çevrilən X.Hümbətov doğma yurduna geri dönmək üçün rəsmi qurumlardan razılıq gözləyir. O, artıq bir neçə dəfə rəsmi razılıq əsasında Suqovuşana gedib və öz evini ziyarət edib. A. Vidmerlə söhbət zamanı o, yeganə narahatlığının ermənilər tərəfindən terror təhlükəsi olduğunu bildirib. Tərəflərin yenidən dinc birgəyaşayışa cəhd göstərməli olduğunu söyləyən X.Hümbətov deyir: “Hesab edirəm ki, indi bunun əsl vaxtıdır. Bu, mənim şəxsi fikrimdir, əgər onlar bizə etimad göstərsələr, o zaman biz də onlara etimad göstərə bilərik”.