İsrail Nazirlər Kabineti Qəzza sektoruna zərbələr endirməyi dayandırmaq barədə qərar qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi İsrailin 12-ci telekanalına istinadla xəbər verir ki, Təl-Əviv mayın 21-də yerli vaxtla gecə saat 2-də atəşləri birtərəfli qaydada dayandırmaq niyyətindədir.
Fələstinin xarici işlər naziri Riyad əl-Maliki bildirib ki, İsrail tərəfinin atəşi dayandırması yaxşı addım olardı, lakin bu, kifayət deyil. Onun sözlərinə görə, Qüdsün statusu əsas məsələ olaraq qalır.
Bir müddət öncə FƏTH hərəkatının mərkəzi komitəsinin icra katibi Cibril Racub HƏMAS hərəkatı ilə İsrail hakimiyyəti arasında atəşkəs sazişinin 24 saat ərzində əldə edilə biləcəyini bildirmişdi.
Xatırladaq ki, mayın 10-da Qəzza bölgəsində Fələstinlə İsrail ordusu arasında qarşıdurma başlayıb. Son məlumata görə, qarşılıqlı raket zərbələri nəticəsində İsrail tərəfdən ölənlərin sayı 12 nəfəri keçib, Fələstin tərəfdən isə 250-dən çox insan həyatını itirib.