"Ermənistanda asayişi bərpa edə biləcək, qonşu ölkələrlə layiqli dialoq aparan və davamlı sülhü təmin edən lider seçməliyik".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Ermənistan Baş nazirinin keçmiş müavini Armen Qevorqyan Telegram kanalında yazıb.
Onun fikrincə, Ermənistanda həyat hər gün daha da pisləşir, bölgələrdə özbaşınalıq tüğyan edir. Qevorqyan bildirib ki, dövlətin varlığı yalnız hüquq-mühafizə orqanlarının işində hiss olunur.
"Kəndlər hər gün boşaldılır. Rusiya ilə sərhədlər açıldıqdan sonra bəzi bölgələrdə insanların kütləvi mühacirəti baş verir. Bir çoxu ailələri ilə birlikdə yola çıxır. Bölgələrdəki əhali əsasən hökumətin informasiya terroru altındadır. Əksəriyyət ölkənin inkişafındakı aktual problemləri, kütləvi miqrasiyanın səbəblərini, məhbus problemini və sərhəddəki vəziyyəti müzakirə etmək əvəzinə əhəmiyyətini itirmiş məsələlərlə məşğuldurlar. Əhali sürətlə kasıblaşır.
Ölkə iki hissəyə bölünür. Azərbaycanla həmsərhəd bölgələr riskləri və mümkün nəticələrini daha ayıq qiymətləndirirlər. Digər bölgələrdə və İrəvanda gələcəklə bağlı narahatlıqlar səthi olaraq qalır. Hər yerdə hakimiyyətə qarşı mövqeyini açıq şəkildə ifadə etmək qorxusu var. Bir çoxları müxalifətlə işbirliyindən yayınır. Hökumət açıq şəkildə cəmiyyətin liderlərini və biznes nümayəndələrini şantaj edir. Yeni cinayət işləri başlanılır. Hər kəsin hökumətin iradəsinə tabe olması tələb edilir.
Nikol Paşinyan 3 il ərzində dövlət borcunu 3 milyard dollara çatdırıb. Bəs onun aldığı bu borc hara xərclənib? Ölkədə asayişi bərpa edə biləcək, qonşu ölkələrlə layiqli bir dialoq aparan və ölkədə davamlı sülhü təmin edən lider seçməliyik.
Sizi əmin etmək istəyirəm ki, yeni hökumətin rəhbərliyi altında ölkənin bərpası və inkişafı daha intensiv olacaq, çünki dövlət savadlı, müdrik, vətənpərvər insanların əlində olacaq", - deyə Qevorqyan vurğulayıb.