ÜST: Dünyada koronavirusa yoluxma və ölüm hallarının sayı azalır

A- A A+

Ötən həftə ərzində dünyada koronavirusa yoluxma və ölüm hallarının sayı azalmaqda davam edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində deyilir.

Qurumun məlumatına görə, ötən yeddi gün ərzində dünyada koronavirusa 4 milyon 144 min 658 yeni yoluxma və 84 min 306 ölüm halı qeydə alınıb ki, bu da ötən həftə ilə müqayisədə müvafiq olaraq 14 və 2 faiz azdır.

Yoluxma və ölüm hallarında ən çox azalma Avropa və Cənub-Şərqi Asiya regionlarında müşahidə olunub. Şimali və Cənubi Amerikada, Afrikada, Şərqi Aralıq dənizi və Sakit Okeanın qərb hissəsi regionlarında bu göstərici demək olar ki, ötən həftə ilə eyni olub. Son dörd həftə ərzində COVID-19 hallarının azalma tendensiyasına baxmayaraq, yoluxma və ölüm səviyyəsi yüksək olaraq qalır və dünyanın bəzi ölkələrində bu göstərici əhəmiyyətli dərəcədə artıb.

Ötən həftə Hindistanda 1 milyon 846 min 55 (öncəki həftə ilə müqayisədə 23 faiz azalma), Braziliyada 451 min 424 (3 faiz artım), Argentinada 213 min 46 (41 faiz artım), ABŞ-da 188 min 410 (20 faiz azalma) və Kolumbiyada 107 min 590 (7 faiz azalma) yoluxma halı qeydə alınıb.

ÜST-nin həftəlik epidemioloji bülletenində, həmçinin SARS-CoV-2 virusunun narahatlıq doğuran dörd variantının da adları açıqlanıb: B.1.1.7 – “Britaniya ştammı”, B.1.351 – “Cənubi Afrika ştammı”, B.1.1.28.1 və ya P.1 – “Braziliya ştammı” və B.1.617 – “Hindistan ştammı”.

Qeyd edək ki, mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, indiyə qədər dünyada 168 milyon 551 mindən çox yoluxma və 3 milyon 500 mindən çox ölüm faktı aşkarlanıb, 150 milyon 101 min nəfər isə COVID-19 xəstəliyindən sağalıb. Müalicəsi davam edən 14 milyon 856 min nəfərdən 95 min nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: