NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində ABŞ Prezidenti Cozef Baydenlə müzakirəsini planlaşdırdığı mövzunu açıqlayıb.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, amerikalı həmkarı ilə ABŞ və Türkiyənin münasibətlərindəki gərginliyi müzakirə etməyi planlaşdırır.
"Soruşacağam ki, bizim münasibətlərimiz niyə belə gərgin oldu?", - Türkiyə rəhbəri jurnalistlərə açıqlamasında deyib.
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, ABŞ-ın sabiq prezidenti Donald Trampın zamanında Ankara və Vaşinqtonun münasibətləri gərginliyin bu həddinə çatmayıb. Türkiyə rəhbərinin sözlərinə görə, belə gərginlik Amerikanın əvvəlki demokrat prezidentlərinin zamanında da mövcud olmayıb.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın Baydenlə görüşü iyunun 14-də NATO sammiti çərçivəsində baş tutacaq.