Misirdə 4200 il tarixi olan qaya qəbirləri tapılıb - FOTOLAR
Arxeoloqlar Misirin Nil çayı boyunca cənub ərazilərində 250 qaya qəbri aşkar ediblər. Sohaq vilayəti yaxınlığındakı Əl-Həmidiyyə nekropolunda tapılan bu qəbirlərin 4200 il tarixi olduğu bildirilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səhranın ətrafındakı qayalarda daha çox məzarlıq olduğunu bildirən arxeoloji ekspedisiya ərazidə tədqiqatları davam etdirir. Arxeoloqlar bildiriblər ki, tapılan məzarlıqlar eramızdan əvvəl 2200-cü ildən Ptolomey sülaləsinin sonuna - 30-cu ilədək dövrə aiddir. Səhra qumunda insanları dəfn etməyə imkan olmadığından, qədim misirlilər qayalarda qəbirlər qazıblar. Bu dəfn adəti Qədim Misirin Roma imperiyası tərəfindən işğalına qədər davam edib.
Tarixçi alimlər bildiriblər ki, qaya qəbirlərindəki insan qalıqları orta təbəqəyə aid misirlilərə aiddir. Bu məzarlarda saxsı qablar, heyvan sümükləri, yuvarlaq metal güzgülər də aşkar olunub. Qədim misirlilər bu məişət əşyalarını da ölülərin qəbrinə qoyur, habelə heyvanları onların yanında kəsərək dəfn edirmişlər.