Qırğızıstan və Tacikistan sərhədində vəziyyət yenidən gərginləşib.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
“Tacikistan tərəfi iyunun 4-də yerli vaxtla saat 03:00-da Oş vilayətinin Çon-Alay rayonunun Unju-Bulak məntəqəsində Qırğızıstan ərazisinin bir kilometr dərinliyinə daxil olaraq konteyner quraşdırıb”, - deyə məlumatda bildirilir.
Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına görə, hazırda sərhədin Tacikistan tərəfində hərbçilərin və yüngül zirehli texnikanın cəmlənməsi müşahidə edilir. Qırğızıstan vəziyyətin sərhəd təmsilçiləri səviyyəsində nizamlanması üçün tədbirlər görür, lakin qarşı tərəf telefon zənglərinə cavab vermir.
Qurum rəsmilərinin sözlərinə görə, Tacikistanla sərhədyanı rayonlarda yerləşən Qırğızıstan Sərhəd Xidmətinin bölmələri gücləndirilmiş xidmət rejiminə keçib.
Xatırladaq ki, aprelin 29-da Qırğızıstan və Tacikistanın sərhədyanı rayonlarında yerli əhali arasında başlayan növbəti münaqişə sərhədçilərin silahlı qarşıdurması ilə nəticələnib. Qarşıdurma nəticəsində Qırğızıstanın 36 vətəndaşı həlak olub, 200-ə yaxın insan yaralanıb. Tacikistan isə 19 vətəndaşının öldüyünü 87 nəfərin isə xəsarət aldığını bildirib.