Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyalar tətbiq etdiyi Araik Amirxanyana məxsus müəssisə dövlətə 280 milyon qrivna məbləğində ziyan vurub.
NUHÇIXAN İnformasiya Agentliyi bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) məlumatına istinadla xəbər verir ki, Nikolayev vilayətində yerləşən və faktiki sahibi Amirxanyan olan “Pervomayskiy speskaryer” müəssisəsi müvafiq dövlət lisenziyalarının qüvvədə olma müddəti başa çatandan sonra iki il ərzində qanunsuz olaraq qranit hasil edib. Bundan əlavə, şirkət Yerin təkindən istifadə qaydalarını pozmaqla fəaliyyət göstərib, bu isə ətraf mühit üçün təhlükə yaradıb.
Hüquq mühafizəçiləri daha əvvəl başlanmış cinayət icraatı çərçivəsində bir sıra axtarışlar aparıb və Yerin təkinin qeyri-qanuni şəkildə işlənməsini təsdiq edən sənədləri götürüblər. Hazırda şirkət tərəfindən hasilat üçün istifadə olunmuş xüsusi texnikanın üzərinə həbs qoyulması məsələsi həll edilir.
Şirkətin rəhbəri, baş mühəndisi və bir əməkdaşı Ukrayna Cinayət Məcəlləsinin 28-ci maddəsinin 2-ci hissəsində (qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən cinayət törədilməsi) və 240-cı maddənin 4-cü hissəsində (Yerin təkinin qorunması və ya istifadə edilməsi qaydalarının pozulması) nəzərdə tutulan cinayətləri törətməkdə şübhəli hesab edilirlər. Hazırda məhkəməyəqədər istintaq davam edir.
UTX-də bildiriblər ki, Amirxanyan büdcə pullarını, o cümlədən yol tikintisi üçün ayrılmış vəsaiti mənimsəmə, habelə korrupsiya faktları üzrə icraata cəlb edilib. İstintaq məlumatına görə, Amirxanyana məxsus kommersiya qurumlarından birinin baş mühəndisi 2020-ci ilin dekabr ayında vergidən yayınmaq məqsədilə rüşvət təklif edib. Baş mühəndis və Amirxanyan şübhəli şəxs kimi cəlb ediliblər.
2019-cu ildə Amirxanyan həm də Ukraynada konstitusion quruluşu devirməyə hazırlaşanların maliyyələşdirilməsində şübhəli hesab edilib. UTX-nın məlumatına görə Amirxanyan Krımdakı “gömrük orqanları”nın hesablarına pul köçürürmüş. UTX-nın məlumatında deyilir: “Müəyyən edilib ki, Amirxanyan Ukrayna ərazisində başqa cinayətlərin, o cümlədən zərərçəkmişlərə qarşı zorakılıqla bağlı cinayətlərin törədilməsində də iştirak edib”.