İsveçrənin Cenevrə şəhəri iyunun 16-da ABŞ Prezidenti Cozef Bayden ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək görüşə hazırlaşır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Cenevrə gölü sahilində görüşün planlaşdırıldığı məkanın ətrafındakı parklar iyunun 8-dən 18-dək ictimaiyyətə bağlı elan edilib. Rəsmi qurumlar görüşün harada keçiriləcəyinə dair açıqlama verməsələr də, həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi mətbuatın məkanla bağlı ehtimallarını gücləndirib. Hesab edilir ki, park ərazisində yerləşən “Villa La Grange“ və “Hotel Parc des Eaux-Vives“ nümayəndə heyətlərinin yerləşməsi və danışıqların aparılması üçün münasib məkan olaraq müəyyən edilib.
İsveçrə Federal Polis İdarəsinin, eləcə də ABŞ və Rusiyanın xüsusi dövlət təhlükəsizlik xidmətlərinin əməkdaşları ilə yanaşı, Cenevrə kantonunun 900 polis əməkdaşı da görüşün təhlükəsizliyinə cavabdeh olacaq.
Cenevrə kantonunun polis idarəsi iyunun 11-də jurnalistlər üçün mətbuat konfransı təyin edib və Zirvə görüşündəki təhlükəsizlik qaydaları barədə məlumat verəcək. Prezidentlərin görüşünü işıqlandırmaq üçün 500-dən çox jurnalistin akkreditasiyadan keçdiyi bildirilir.