Ermənistanda seçki öncəsi siyasi partiyaların xalqa verdiyi şişirdilmiş vədlər ictimai-siyasi xadimlərdə narazılıq doğurub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bir sıra ziyalılar bu mövzuda ölkədəki vəziyyətin dözülməz həddə çatdığını bildirirlər.
İqtisad elmləri doktoru, professor Qagik Vardanyan yerli mediaya açıqlamasında deyib ki, Ermənistan konstitusiyada suveren, demokratik, sosial, hüquqi dövlət olsa da, ölkə belə bir modelə uyğun inkişaf etmir.
"Heç sosial baxımdan belə inkişaf nəzərə çarpmır. Ermənistanda sosial ədalətdən danışa bilmərik. Çünki gəlirlərin böyük bir qütbləşməsi olduğu kimi, əhalinin yoxsulluq səviyyəsi də olduqca yüksəkdir. Sosial dövlətin əlamətlərindən biri cəmiyyətin ümumi rifahıdır”.
Professorun fikrincə, Ermənistanda yalnız sahibkarlıq sahəsində uğur qazananlar zəngin ola bilir və ya buna oxşar həyat səviyyəsinə çatırlar. Yerdə qalanlar, məsələn, təhsil işçilərinin, yaxud da təqaüdçülərin rifahı aşağı səviyyədədir. Onların da normal yaşayışı təmin edilməlidir.
O, həmçinin qeyd edib ki, namizədlərdən biri yaxın 5 il ərzində minimum əmək haqqı və pensiyaların hər il ən azı 10% artırılmasını təklif edib. Hətta bu da sosial rifah üçün kifayət etməyəcək.