Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ lideri Cozef Baydenin Türkiyəyə səfər etmək istədiyini və ilkin planların nəzərdən keçirildiyini söyləyib.
NUHÇIXAN İnformasiya Agentliyi Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bu barədə jurnalistlərə müsahibəsində deyib.
“Səfərin tarixi hələ təyin olunmayıb, lakin qrafik üzərində iş aparıldığına dair məlumatlar var. Cozef Bayden çox sıx gündəliyə baxmayaraq Türkiyəyə gəlmək istədiyini söyləyib”, - deyə Türkiyə Prezidenti qeyd edib.
O, həmçinin ABŞ Prezidenti ilə danışıqlar zamanı S-400 zenit-raket sistemlərinə və F-35 təyyarələri proqramına dair vəziyyətin müzakirə olunduğunu da bildirib: “Cozef Baydenə dedim ki, ABŞ Türkiyədən S-400 və ya F-35 ilə bağlı yeni addımlar gözləməməlidir”.
Türkiyə Prezidenti Ankaranın F-35 layihəsi çərçivəsində tələb olunan hər şeyi yerinə yetirdiyini də xatırladıb. “ABŞ-dan bizə “Patriot” sistemləri satmasını xahiş etsək də, onlar bunu etmədilər, hətta həmin qurğuları hərbi bazalarımızdan çıxardılar. Bəs biz nə etməliydik?”,– deyən Türkiyə lideri Ankaranın silah müqavilələri ilə əlaqədar bütün hüquqlarının həyata keçirilməsinə çalışacağını vurğulayıb.
Xatırladaq ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinin tədarükünə dair 2,5 milyard dollar həcmində kredit sazişi imzalayıb. Bu saziş Ankara və Vaşinqton arasında beynəlxalq qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Türkiyədən bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərini almağı tələb edib. Əks halda Vaşinqton ən yeni F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının ləngidiləcəyini və ya tamamilə dayandırılacağını bildirib.
Rusiyanın S-400 zenit-raket kompleksləri 2019-cu il iyul ayının ortalarından Türkiyəyə çatdırılmağa başlanılıb. Bundan sonra ABŞ Türkiyənin F-35 proqramından çıxarıldığını elan edib.