Ermənistanın peşəkar diplomatiyası və düzgün xarici siyasəti yoxdur. Bu səbəbdən də ölkə özünü beynəlxalq aləmdən və beynəlxalq siyasətdən təcrid edib. Ermənistanın xarici siyasəti və diplomatiyası tamamilə iflasa uğrayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə erməni ekspert Suren Sarqsyan Feysbuk səhifəsində yazıb.
Ermənistan rəhbərliyinin yürütdüyü xarici siyasət kursunu və diplomatiyasını sərt tənqid edən ekspert yazır: “Ermənistan-Rusiya əlaqələri strateji müttəfiqlik münasibətlərinə qətiyyən uyğun gəlmir. Ermənistan-ABŞ münasibətləri isə daha aşağı səviyyədədir. Birləşmiş Ştatlarla münasibətlərin gündəliyində olan yeganə məsələ ABŞ-ın yardımlarıdır. Ermənistan-ABŞ münasibətləri bundan uzağa getmir”.
Ekspertin fikrincə, ikitərəfli münasibətlər üçün standart sayılan Ermənistan-Çin münasibətləri son üç ildə qeyri-adekvat hala gəlib. Avropa İttifaqı ilə əməkdaşlıq və əlaqələr istiqamətində də ciddi addımlar atılmır, uyğun gündəlik formalaşdırılmır. Bu qurumla münasibətlərin gündəliyi yalnız İttifaqın maliyyə dəstəyi və yardımından ibarətdir.
“ATƏT, BMT, NATO və digər beynəlxalq təşkilatlarla ciddi əməkdaşlıq da yoxdur”, – deyə Sarqsyan vurğulayıb.
Ekspert, həmçinin bildirib ki, Ermənistanın qonşusu olan İran və Gürcüstanla siyasəti də anlaşılmır.