Seçkilərdən sonra Ermənistanda qarşıdurmaların olacağı istisna deyil. Ayılmaq üçün vaxt gəldi, əks təqdirdə, seçkilər nəticəsində Ermənistanı da itirə bilərik.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti, Erməni Milli Konqres Partiyasının rəhbəri Levon Ter-Petrosyan jurnalistlərlə görüşündə deyib.
Onun sözlərinə görə, seçkilərdəki qarşıdurma fiziki qarşıdurmaya çevrilmirsə, yaxşıdır. Ancaq hər iki tərəf nəsə edəcək. Artıq mitinqlərə start verilib, niyyətləri aydındır.
Ter-Petrosyan, ölkənin bu yolu tutacağı təqdirdə bir ildə ikinci məğlubiyyət olacağını vurğulayıb: "Bu seçkilərdə hansı qüvvələrin iştirak etdiyini, nə demək istədiklərini görürük. Bir-birilərinə qarşı müharibə elan ediblər. Hər hansı bir oyunun olacağı gözlənilir. Ayılmaq üçün vaxt gəldi, əks təqdirdə, Qarabağı müharibə nəticəsində itirmiş olsaq da, seçkilər nəticəsində Ermənistanı itirə bilərik. Şişirtmirəm. Vətəndaş toqquşmaları belə olacaq".
Qeyd edək ki, Ermənistanda iyun ayının 20-də parlament seçkilərinin keçirilməsi planlaşdırılır.