Ara Abramyan: "Seçkilərdən sonra Ermənistan daha böyük böhranla üzləşəcək"

A- A A+

Ermənistandakı erkən parlament seçkiləri, bəlkə də məntəqələrə gələn insanların iradəsini ifadə etdi, lakin erməni cəmiyyətinin əhval-ruhiyyəsini, eləcə də istəklərini əks etdirmədi və Ermənistanı daha böyük bir böhran gözləyir. NUHÇIXAN İnformasiya Agentliyi Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri "Evimiz Ermənistandır" partiyasını quran Rusiya Ermənilər Birliyinin prezidenti Ara Abramyan söyləyib.

Abramyanın qeyd etdiyi kimi, "ümumi yalanlar və saxtakarlıqlar"a əsaslanan təşviqat kampaniyası məntiqi bir nəticəyə gəldi və çox sayda qanun pozuntusu qeydə alındı.

“Təəssüf ki, 2018-ci ildə verdiyimiz proqnoz gerçəkləşdi və indi özünü təkrar yeniləyən bu siyasi qüvvənin mütləq hakimiyyətə sahib olduğunu, dövlətin və xalqın maraqlarından və gələcəyindən irəli gələn hər hansı bir problemi həll edə bilməyəcəyini görürük. Siyasi texnologiyaların köməyi ilə insanların inamı və sadəlövhlüyü bir daha istifadə olundu”,- deyə Rusiya Ermənilər Birliyinin Facebook səhifəsində paylaşılan açıqlamada bildirilir.
Abramyana görə, illərlə yalan məlumatlarla bəslənən, dövlətə və sabaha inamı qırılan bir cəmiyyət, alternativ haqqında düşünməyə imkan verməyən məhdud bir seçimlə qarşılaşıb.

“Bir müddətdən sonra hamımız acı bir reallıqla qarşılaşacağıq və ölkəmizin üzləşəcəyi yeni bir böyük böhranın şahidi olacağıq. Siyasi, iqtisadi və sosial çətinliklər daha da pisləşəcək, miqrasiya sürəti artacaq, gərginlik və parçalanma artacaq. Ermənistanı ciddi daxili və geosiyasi sınaqlar gözləyir”,- deyə Abramyan əlavə edib.
Eyni zamanda onun sözlərinə görə, indi Ermənistan cəmiyyətinin, erməni xalqının ölkəni mövcud vəziyyətdən çıxarmaq üçün kollektiv düşüncənin genişliyinə hər zamankından daha çox ehtiyacı var.

“Ermənistana sevgi, həmrəylik və birlik lazımdır, qəzəb və “polad” deyil. Əminəm ki, tarixdə olduğu kimi, indi də xalqımız müdriklik və səbir göstərə biləcək, birləşə biləcək və böyük geosiyasi oyunların və kiçik daxili siyasi intriqaların qurbanı olmayacaq”,- deyə Abramyan fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, iyunun 20-də Ermənistanda 25 siyasi qüvvənin iştirak etdiyi erkən parlament seçkiləri keçirilib. MSK-nın açıqladığı ilkin məlumatlara görə, Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" partiyası 53, 92 % səslə qələbə qazanıb. Lakin ona müxalif olan qüvvələr açıqlanan nəticələrlə razılaşmaq istəmir, daha doğrusu bunu saxtakarlıq hesab edir.

Diqqətə çatdıraq ki, Ermənistanda növbədənkənar parlament seçkiləri zamanı çox sayda qanun pozuntuları, ələlxüsus seçki prosedurlarının, qaydalarının pozulması hallarına rast gəlinib, hətta insident, atışma belə müşahidə olunub. Bir çox seçki məntəqələrində seçicilərə rüşvət təklif edilməsi halları, seçicilərə təzyiqlərin belə edilməsi halları qeydə alınıb. Məhz bütün bunlara görə bir sıra siyasi qüvvələr, qurumlar bu seçkinin qanun pozuntusu şəraitində keçirilməsi qənaətindədirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: