Türkiyə koronavirusa qarşı öz vaksininin klinik sınaqlarının üçüncü mərhələsinə başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli COVID-19 peyvəndinin üçüncü fazası çərçivəsində ilk dozanın vurulmasına həsr olunan videokonfransda çıxışı zamanı deyib.
“Ölkəmizi bu epidemiyadan tezliklə qurtarmaq üçün öz vaksinimizin əldə olunması çox vacibdir. Sınaqların üçüncü fazasına başlamaqla final mərhələsinə qədəm qoyduq”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə Prezidenti yeni COVID-19 vaksininin adının “TURKOVAC” olduğunu açıqlayıb. Vətəndaşları və onların yaxınlarını sağlamlıqlarına görə məsuliyyəti öz üzərlərinə götürməyə və vaksinasiya olunmağa çağıran Prezident qeyd edib ki, Almaniya və Çindən alınan peyvəndlər sayəsində Türkiyə vaksinasiya tempinə görə qabaqcıl yerlərdədir. Yaxın bir neçə həftə ərzində peyvəndləmə proqramı 18 yaşdan yuxarı bütün əhali qruplarını əhatə edəcək.
Qeyd edək ki, dünən Türkiyə lideri iyulun 1-dən ölkədə sərt karantin tədbirlərinin yumşaldılacağını elan edib. Belə ki, komendant saatı ləğv olunacaq, ölkə daxilində hərəkətə qoyulan bir çox məhdudiyyətlər aradan qaldırılacaq.