NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan ordusunun bir aydan çoxdur itkin düşmüş hərbi qulluqçusu Norik Mkrtçyan hələ də tapılmayıb.
"Müvafiq orqanların axtarışları davam edir. Bizi 90 % əmin edirlər ki, o, əsir deyil, Norik Ermənistan ərazisindədir, amma harada olduğunu bilmirik. Cinayət işi qaldırılıb, o, iş çərçivəsində axtarışa verilib. Amma fakt odur ki, oğlan yoxdur", - deyə Tavuş əyalətinin Noemberyan rayonunun Koxb kəndinin başçısı Arsen Ağababyan bildirib.
Onun sözlərinə görə, Norik hərbi hissəni tərk etdikdən sonra evdə görünməyib. O, cəmi 3 ay xidmət edib.
Xatırladaq ki, hadisə Vardenisdəki hərbi hissədə, mayın 18-də olub. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Norik Mkrtçyan hərbi hissəni tərk edib və yoxa çıxıb.