Türkiyə tarixinin, eləcə də dünyanın ən möhtəşəm layihələrindən olan “Kanal İstanbul” marşrutu üzərində inşa ediləcək ilk “Sazlıdərə” körpüsünün təməli qoyulub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyunun 26-da keçirilən təməlqoyma mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Türkiyə Prezidenti tədbirdə çıxışı zamanı bildirib ki, dünyanın ən çox istifadə edilən İstanbul boğazından 1930-cu illərdə əgər ildə 3 min gəmi keçirdisə bu gün bu rəqəm 45 minə çatıb. Sadəcə şəhəriçi su nəqliyyatından İstanbul boğazının 54 limanından gündə 500 min insan istifadə edir.
Qeyd edilib ki, hazırda İstanbul boğazından təhlükəsiz keçid üçün illik müəyyən edilən rəqəmin 25 min olmasına baxmayaraq, bu rəqəm il ərzində təxminən 43 minədək çatır. 2050-ci ilə kimi bu rəqəmin 78 minə çatacağı ehtimal edilir. Bundan başqa, hər il inkişaf edən gəmilərin istər sərnişin, istərsə də yükdaşıma gücü artmaqdadır.
Son 19 il ərzində Türkiyədə həyata keçirilən müxtəlif layihələr barədə danışan Rəcəb Tayyib Ərdoğan buna qarşı çıxanların olmasına baxmayaraq nəzərdə tutulan hər layihənin layiqincə başa çatdırıldığını və bu gün ölkə əhalisi ilə yanaşı xarici dövlətlərin də bunlardan faydalandığını vurğulayıb.
Sonra layihənin ilk körpüsünün təməli atılıb.
Qara və Mərmərə dənizlərini birləşdirəcək Türkiyənin su yolu layihəsi olan “Kanal İstanbul”un bu körpüsünün ümumi uzunluğu 1618 metr təşkil edəcək. Körpü hər iki istiqamətə dörd olmaqla ümumilikdə səkkiz zolaqdan ibarət olacaq. Platforma eni 46 metr nəzərdə tutulan körpünün “Diamond” həndəsi ilə dizayn edilən qüllələrinin hündürlüyü isə 196 metrədək yüksələcək.
İlk dəfə 2011-ci il aprelin 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ictimaiyyətə təqdim edilən, İstanbulu içindən iki dəniz keçən bir şəhərə çevirəcək layihə çərçivəsində altı körpü inşa ediləcək. “Kanal İstanbul”un hər iki tərəfində hər biri 250 min ailə üçün nəzərdə tutulan irimiqyaslı iki şəhərin tikilməsi nəzərdə tutulur. Ümumi büdcə dəyəri 15 milyard dollar olaraq hesablanan “Kanal İstanbul”un ətrafında iki şəhər inşa olunacaq ki, bu layihənin icrası zamanı təxminən 500 min nəfərin iş ilə təmin edilməsi planlaşdırılır.
Altı ilə tamamlanması nəzərdə tutulan layihənin ərsəyə gəlməsində 200-ə yaxın elm adamı və mütəxəssis iştirak edib.