Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) 3 siyasi partiyanın 20 iyunda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələrinin ləğv edilməsi barədə müraciətini rədd edib.
NUHÇIXAN İnformasiya Agentliyi “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, MSK sədri Tiqran Mukuçyan bildirib ki, səsvermənin nəticələri seçkinin real nəticələrini müəyən etməyə imkan verməyən geniş miqyaslı pozuntular olduğu halda ləğv edilə bilər.
Qeyd edək ki, MSK-ya seçkinin nəticələrinin ləğv edilməsi barədə 3 siyasi qüvvə – sabiq prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku, sabiq prezident Serj Sarkisyanın sədri olduğu Respublika Partiyası və Artur Vanetsyanın sədri olduğu Vətən Partiyasının yaratdığı “Mənim şərəfim var” bloku və Oyanış Milli Xristian Partiyası müraciət edib.
“Ermənistan” bloku seçkinin nəticələrinin ləğvi ilə bağlı 5 gün ərzində Konstitusiya Məhkəməsinə müraciət ediləcəyini də açıqlayıb.
Xatırladaq ki, bu gün Ermənistanda iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkilərinin yekun nəticələri açıqlanıb. MSK Nikol Paşinyanın sədri olduğu Vətəndaş Müqaviləsi Partiyasının səslərin 53,91 faizini (688 761 səs), “Ermənistan” blokunun səslərin 21,9 faizini (269 481 səs), “Mənim şərəfim var” blokunun səslərin 5,22 faizini (66 650 səs) topladığını açıqlayıb.