Türkiyədə inşası planlaşdırılan "Kanal İstanbul" layihəsinin illik 8 milyard dollar gəlir gətirəcəyi proqnozlaşdırılır.
NUHÇIXAN İnformasiya Agentliyinin "Yeni Şafak" qəzetinə istinadən məlumatına görə, mütəxəssislər qeyd edir ki, kanal hazır olduqdan sonra 300 min tonluq gəmiləri qəbul edə biləcək.
Bundan başqa, layihənin başa çatmasından sonra bölgədə 500 mindən çox yeni iş yerinin açılması gözlənilir. "Kanal İstanbul" işə düşəndən sonra 28 milyard dollarlıq istehsal təmin olunacaq.
Mütəxəssislər kanalın turizm sektoruna da müsbət təsirini vurğulayır. İstanbula ildə 50 milyon xarici turistin gəlişi nəzərə alınsa, layihə 30 milyard dollara yaxın turizm gəlirini təmin edəcək.
Qeyd edək ki, ötən həftəsonu "Kanal İstanbul" üzərində tikiləcək altı körpüdən birincisinin təməli qoyulub. Təməlqoyma mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.