Ermənistandakı son növbədənkənar seçkini biabırçılıqla uduzan “revanşistlər” hökuməti hədələməyə başlayıb. Hərbi cani və “Qarabağ klanı”nın başçısı hesab edilən Robert Koçaryan hakimiyyəti öz əlində saxlamağa müvəffəq olan Nikol Paşinyana və onun hökumətinə ilyarım vaxt tanıdığını bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Koçaryan dünən tərəfdarları ilə görüşündə hakimiyyəti sərt tənqid edərək, onun problemləri həll etmək iqtidarında olmadığını söyləyib: “Ermənistanda təxminən 1,5 ildən sonra yeni erkən seçkilərə tələbat yaranacaq. Mövcud hökumət iş tərzini dəyişdirmədən, kadr bankını yeniləmədən, ölkənin problemləri ilə effektiv şəkildə məşğul ola bilməz... Biz bu hakimiyyəti sakit buraxmayacağıq. Çünki onlar öz günahlarını anlamır və qəbul etmirlər. Onlar öz iş üslubları və dünyagörüşlərinin bu problemlərin əsas səbəbi olduğunu anlamırlar. Hakimiyyət özünü yenə də əvvəlki kimi aparmaqda davam edir. Bu isə yeni növbədənkənar seçkiyə gətirib çıxaracaq”.
Koçaryan deyib ki, son növbədənkənar seçki ölkədəki siyasi böhranı həll etməyib: "Erkən seçkilər siyasi böhrandan çıxmaq üçün keçirilir. Amma bu, Ermənistanda baş vermədi. Bu, o deməkdir ki, niyə məğlub olduğumuz, beş min insanın niyə öldüyü, Şuşa və Hadrutun necə itirildiyi suallarına cavab almayacağıq".
Ancaq Koçaryandan fərqli olaraq, erməni cəmiyyətinin böyük hissəsi Paşinyanı dəstəkləməkdə davam edir. Bunu seçkinin nəticələri və səsvermədən sonra hər hansı ciddi kütləvi etirazların olmaması da təsdiqlədi.