Ermənistan ordusunun hərbi hissələrindən birində xidmət edən iki hərbi qulluqçunun rüşvət müqabilində məzuniyyətə getməsi faktının ortaya çıxması hərbçilərin valideynləri arasında böyük narazılıqlara səbəb olub. Biabırçı rüşvət faktı əsgərlərin məzuniyyətdən gec qayıtmalarının üstünün açılması zamanı müəyyən edilib.
NUHÇIXAN İnformasiya Agentliyi bu ölkə KİV-lərinə istinadla xəbər verir ki, əsgər Nver Danielyan və İsxan Sarkisyan rüşvət verərək məzuniyyətə gediblər. Hərbi hissəyə qayıdarkən hərbi polis tərəfindən sənədlərin yoxlanılması zaman onların məzuniyyətdən bir neçə gün gec qayıtdıqları məlum olub. Hərbçilərin hərbi xidmətdən yayınmaları ilə bağlı məsələ qaldırılarkən, onların rüşvət müqabilində məzuniyyətə getdikləri aşkarlanıb. Komandanlığın faktın ört-basdır edilməsi üçün hərbi polislə “danışıqlar” apardığı bildirilir.