Daşkənddə siyasət və təhlükəsizlik məsələləri ilə bağı “Avropa İttifaqı-Mərkəzi Asiya” Yüksək Səviyyəli Dialoq görüşü keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Avropa İttifaqının (Aİ) üzvü olan dövlətlərin və Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən görüşdə Aİ nümayəndələrinə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora rəhbərlik edib. Tədbirə Əfqanıstan nümayəndə heyəti də qatılıb.
İclasda regionlararası qarşılıqlı fəaliyyət çərçivəsində əvvəlki razılaşmaların necə həyata keçirilməsi, “Aİ- Mərkəzi Asiya” formatında müxtəlif tədbirlərin cədvəli və gündəliyi müzakirə edilib. Sərhədlərin idarəsi sahəsində birgə fəaliyyət, narkotiklərin qeyri-qanuni dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə, həmçinin regional ekoloji problemlərlə bağlı məsələlər də diqqət mərkəzində olub.
Görüş iştirakçıları koronavirus pandemiyası ilə bağlı xarici siyasət və təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar.
Xatırladırıq ki, Aİ və Mərkəzi Asiya dövlətləri arasında yüksək səviyyəli dialoq görüşləri 2013-cü ildən başlayaraq hər il keçirilir.