Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus koronavirus əleyhinə peyvənd istehsal edən şirkətləri istehsalı artırmaq üçün səylərini artırmağa çağırıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Tedros Qebreyesus “BioNTech”, “Moderna” və “Pfizer” kimi şirkətləri təcili şəkildə yeni istehsalat müəssisələrinin inkişaf etdirilməsi prosesini sürətləndirmək məqsədilə öz bilik və təcrübələrini paylaşmalarını xahiş edib.
Baş direktorun sözlərinə görə, hazırda dünyanın müxtəlif ölkələrində peyvənd maddələrinin istehsalı müəssisələrinin qurulması işi aparılır, lakin bu firmalar öz texnoloji yeniliklərini açıq şəkildə bölüşsələr, bu prosesin tempi daha da yüksələ bilər. Dünyanın yoxsul ölkələri bu gedişlə sentyabrın sonunadək ölkə əhalisinin 10 faizini peyvəndləmək iqtidarında deyillər, digər tərəfdən isə zəngin ölkələrdə vaksinasiya kampaniyası sürətlə irəliləməkdədir. Zəngin ölkələrin hökumətləri yoxsul ölkələrə peyvənd dozaları ianə etsələr də, ianə edilən miqdar “qaynar daş üzərinə bir damla su” hesab edilə bilər.
T.Qebreyesus, həmçinin qeyd edib ki, peyvəndləmə işlərinin ləng aparılması yüksək yoluxuculuq gücünə malik variantların yayılmasına yol açır: “Biz hazırda pandemiyanın olduqca təhlükəli mərhələsindəyik. Dünyanın bir çox ölkəsində peyvənd çatışmazlığı nəticəsində virusun mutasiya edə bilməsi qarşısında heç bir ölkə özünü təhlükəsiz hiss etməməlidir”. Onun sözlərinə görə, koronavirusun “Delta” variantına yoluxma halları dünyanın artıq 98 ölkəsində müəyyən edilib və bu mutasiya artıq bir sıra ölkələrdə dominant varianta çevrilib. Ona görə peyvəndləmədə tempin artırılması günün tələbidir.
ÜST rəhbəri qeyd edib ki, ölkələrin dövlət və hökumət rəhbərlərini gələn ilədək vaksinasiya səviyyəsini ölkə əhalisinin 70 faizinə çatdırmağa dair çağırışlar edib. Yalnız bu halda pandemiyanın kəskin mərhələsinə praktiki şəkildə son qoymaq mümkün olacaq.