2021-ci ilin 6 ayında Ermənistanı hava yolu ilə tərk edən vətəndaşların sayı geri dönənlərin sayından 138 106 nəfər çoxdur. NUHÇIXAN İnformasiya Agentliyi Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, "Zvartnots" və "Şirak" hava limanları olmaqla, Ermənistanın iki hava limanında sərnişin axını 2021-ci ilin iyun ayında 200 534 nəfər təşkil edib.
Bildirilir ki, bu ilin iyun ayında Zvartnots hava limanında sərnişin axını 185 736 nəfər, Şirak hava limanında isə sərnişin axını 14 798 nəfər olub.
Həmçinin 2021-ci ilin 6 ayı ərzində ölkəni tərk edənlərin sayının 740 785, geri qayıdanların sayının isə 602 679 nəfər olduğu ortaya çıxıb. Beləliklə, bəlli olub ki, 2021-ci ilin 6 ayı ərzində hava yolu ilə bu ölkəni tərk edən vətəndaşların sayı bu ölkəyə geri dönənlərin sayından 138 106 nəfər çoxdur.
Xatırladaq ki, Ermənistan vətəndaşlarının ölkəni tərk etməsi barədə artıq çoxdandır ki, həyəcan təbili çalınır. Çünki, statistik göstəricilər də təsdiq edir ki, Ermənistanı tərk edənlərin sayı geri dönənlərin sayını əhəmiyyətli dərəcədə üstələyir. Bu isə ondan xəbər verir ki, Ermənistan vətəndaşlarının ölkədən çıxıb getməsi, bu ölkəni tərk etməsi günün reallığıdır.