Türkiyədə davam edən əlverişsiz hava şəraiti ayrı-ayrı vilayətlərdə böyük problemlər yaradıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Türkiyədə güclü yağış, dolu, fırtına və küləkli hava şəraiti davam etməkdədir. Əlverişsiz havanın daha ağır fəsadlar yaratdığı bölgələr arasında Düzcə də var. Bu bölgədə sel və daşqınlar dağlıq və dağətəyi yolları dağıdıb. Güclü külək evlərin dam örtüyünü yerindən qoparıb. Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) qüvvələri və yerli hakimiyyətin briqadaları köməksiz qalan 47 nəfəri xilas ediblər. Bundan başqa təhlükəli bölgələrdən 80 nəfər təxliyə olunub. Təbii fəlakət bölgəsinə ağır texnika cəlb olunub.