Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin oktyabr ayından bəri ilk dəfə koronavirusla əlaqədar ölüm hallarının azaldığını elan edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 28 iyun – 4 iyul həftəsində dünya üzrə virusla bağlı 54 min ölüm halı qeydə alınıb və bu göstərici öncəki həftədən yeddi faiz azdır. Eyni zamanda isə göstərilən həftədə yoluxma halları bir qədər artaraq 2,6 milyona çatıb. Ən yüksək artım Avropa regionunda baş verib, 53 ölkəni əhatə edən və əksər məhdudiyyətlərin ləğv edildiyi Avropada bir həftə ərzində yoluxmalar 30 faiz artıb.
ÜST-ün yaydığı məlumata əsasən, kəskin yoluxuculuğu ilə tanınan “Delta“ variantının aşkarlandığı ölkələrin sayı 104-ə çatıb.
İndiyədək dünya üzrə koronavirusa yoluxma hallarının sayı 183 milyona çatıb, bu infeksiya nəticəsində ölənlərin sayı isə 4 milyona yaxındır. Beynəlxalq təşkilat dünyanın bir sıra regionlarında “kölgə rəqəmləri“nin daha yüksək olduğu və rəsmi statistikadan kənar yoluxmaların daha çox olması qənaətindədir.