Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) Meğri şəhərinin keçmiş meri və “Hayastan” blokundan deputatlığa namizəd Mxitar Zakaryanın cinayət təqibi və həbsinə dair prokurorluğun vəsatətini təsdiq edib.
NUHÇIXAN İnformasiya Agentliyi erməni mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı onun vəkili Yerem Sarkisyan verib.
"Facebook" vasitəsilə yaydığı bəyanatda vəkil yazıb ki, MSK-nın iclası “Hayastan” blokunun siyahısında 17-ci olan namizədin hüquqlarının kobud şəkildə pozulması ilə başa çatıb. Sarkisyan bildirib ki, onlar MSK-nın bu qanunsuz razılığından hüquqi qaydada şikayət verəcəklər.
Mxitar Zakaryan Meğrinin meri vəzifəsindən iyuilun 9-da istefa verib və bildirib ki, bunu tam könüllü şəkildə edir. O, yerli mətbuata deyib ki, mandatını götürüb parlamentə gedəcək.
Mxitar Zakaryan vəzifəsindən ona göstərilən təzyiqə və ya ona qarşı cinayət işinə görə getməsi barədə iddiaları təkzib edib.
Xatırladaq ki, keçmiş prezident Robert Koçaryanın başçılıq etdiyi “Hayastan” bloku 20 iyun seçkisinin nəticələrini Konstitusiya Məhkəməsində mübahisələndirən üç siyasi partiyadan biridir. Bu blok 107 yerlik Milli Məclisə 29 mandat qazanıb.
Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası 71 mandata sahibdir. Bu, üçdə iki çoxluqdan bir qədər azdır. Keçmiş prezident Serj Sarkisyana bağlı “Şərəfim var” bloku 7 mandat əldə edib. Bu partiya da seçki nəticələrinə görə Konstitusiya Məhkəməsinə müraciət edib. Robert Koçaryanın özünə qarşı rüşvət maddəsi ilə açılmış cinayət işinin məhkəməsi hələ başa çatmayıb.