Türkiyə Böyük Millət Məclisində (TBMM) 15 İyul-Demokratiya və Milli Birlik Günü ilə əlaqədar şəhidləri anım mərasimi keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi mərasimdə əvvəlcə Türkiyənin dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və TBMM-nin sədri Mustafa Şəntop çıxış ediblər.
Çıxışlarda 2016-ci il iyulun 15-dən 16-na keçən gecə ölkədə legitim hakimiyyəti hərbi yolla ələ keçirmək üçün törədilən hərbi çevriliş cəhdinin səbəb və məqsədlərindən, bu xain cinayətin qarşısını almaq üçün Türkiyə xalqının göstərdiyi qəhrəmanlıqdan və şücaətdən danışılıb. Şəhid və qazilərin ünvanına xoş ifadələr səsləndirilib.
Qeyd edək ki, tədbirdə ölkəmizi Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi, deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirlidən ibarət heyət təmsil edib.