Ermənistanın eks-prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Koçaryan ölkəsinin düşdüyü rəzil durumdan, hərbi və diplomatik uğursuzluqlardan gileylənib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Yerkir Media"ya müsahibə verən Koçaryan son zamanlar sərhəddə yaranmış gərginlikdən də söz açıb:
"Ermənistanın güzəştə getməsi üçün yeni bir müharibə təhlükəsi yaradılır. İnsanlar bu güzəştləri xəyanət kimi deyil, qurtuluş kimi qəbul edirlər. Sərhədin Yerasx istiqamətində vəziyyətin kəskinləşməsi Azərbaycanla sülh müqaviləsinin imzalanmasının mümkün müqəddiməsi saymaq olar".
Onun sözlərinə görə, hazırda Yerasxdakı sərhəddə baş verənlər böyük bir mənzərənin kiçik fraqmentidir. Mənzərə isə onu göstərir ki, Ermənistan müqavimət qabiliyyətini itirib, o artıq qarşı tərəfə dişlərini göstərə bilmir. İrəvanın heç dişləri belə qalmayıb.
“Qaragöldə çox sayda Azərbaycan əsgərinin varlığını unutmuşuq. Bu, müharibə zamanı və ondan sonra Ermənistanda baş verənlərin məntiqi davamıdır. Artıq dişlərimizin, adekvat cavab vermək üçün imkan və istəyimizin olmadığını göstərdik",-Koçaryan gileylənib.