Bu yaxınlarda ermənilərin Statistika Komitəsi 2021-ci ilin birinci yarısı üçün ölkədə istehlak qiymətləri indeksi barədə hesabat yayımlayıb. NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, hesabatda, ölkə üzrə 425-dən artıq mal və xidmətin istehlakçı qiymətlərinin aylıq monitorinqini keçirdiyini bildirən komitə, paytaxt İrəvan da daxil olmaqla Ermənistanın bütün əyalətlərində qiymətlərin orta hesabla 6,5 faiz artdığını bəyan edib.
Belə ki, ermənilərin öz dili ilə desək, bu gün ölkədəki qiymətlər hələ də “qəzəblənməyə” davam edirlər. Məsələ bundadır ki, bu gün ölkədə satılan bəzi gündəlik tələbat mallarındakı artım ötən illə müqayisədə təqribən 9 faiz baha qiymətə satılır.
Təbii ki, bunu dünyanı ağzına alan koronavirus səbəbindən ölkənin sərhədində yaranmış problemlərlə əlaqələndirmək olar. Amma erməniləri narahat edən odur ki, ölkədəki bu qiymət artımlarına baxmayaraq, hökumət nə maaşlarda, nə təqaüdlərdə, nə də müavinətlərdə heç bir artım etməyib.
Maraqlıdır ki, müəyyən növ ərzaq məhsullarının qiymətartımı ilə bağlı vəziyyətin tamamilə dəhşətli olduğunu dilə gətirən ermənilər sual edirlər: görəsən, hökumət dairələri bu barədə düşünürlərmi?
Əksər erməni bu gün Nikolun prinsipcə heç nəyi dəyişməyəcək, əksinə, ölkədə böhranı daha da dərinləşdirəcək “yararsız” kadr dəyişikliyi ilə məşğul olduğunu bildirirlər.
...Ermənistanda qiymətlər isə günü-gündən artmaqdadır.
Beləliklə, “news.am” saytının yazdığına görə, bu gün ölkədə bəzi məhsullar üçün inflyasiya yüksək cüt rəqəmli dəyərlərlə ifadə olunur. Yəni ölkədə donuz əti - 25, quş əti - 17,8, balıq və dəniz məhsulları - 20,2, yumurta - 41,4, kərə yağı - 36,5, tərəvəzlər - 17,5, şəkər - 43,2, düyü -12, alkoqol və tütün -9, uşaq qidaları isə 10,2 faiz artıb.
Qeyd edək ki, hazırda erməniləri narahat edən məsələlərdən biri də ölkədə yaranmış bu vəziyyətlə bağlı dövlət rəsmilərinin “ağızlarına su alıb” oturmalarıdır. Yəni, bu günə qədər heç bir erməni səlahiyyətlisi “can vermək üzrə olan dramla” bağlı hər hansı bir açıqlama verməyib. Belə görünür ki, bu gün Ermənistanda qiymətlərin artım tempi beynəlxalq bazardakından iki dəfə yüksək olduğu üçün dünya ərzaq konyunkturasına istinad işini dayandırıb.
Bu gün Rusiyada formalaşmış qiymətlərə nəzarət mexanizmlərinin mövcud olduğunu və Rusiya rəhbərinin mütəmadi olaraq hökumət rəsmilərindən ölkədəki qiymətlərin vəziyyəti barədə hesabat tələb etdiyinə diqqət çəkən ermənilər belə bir qurumun Ermənistanda da vacib olduğunu bildirirlər.
...Ermənilərə görə, ölkədə seçkilər bitib, Nikol artıq qalibdir. Amma hələ ki, sürətlə yoxsullaşan erməni əhalisi üçün elə də bir narahatçılıq keçirmir və deyəsən, heç keçirmək də istəmir. Əksinə, hazırda əsas narahatlıqları daha çox özləri üçün köklü bir mövqe tutmaq, çantalarına maddi dəstəyi 5 qat artırmaq istəyən təzə seçilən erməni deputatları keçirirlər.
...Sonra da deyirsiniz ki, ermənilər niyə ölkədən qaçırlar.