Səudiyyə Ərəbistanının Hima tarixi rayonu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib - FOTOLAR
Səudiyyə Ərəbistanının Nəcran bölgəsində yerləşən Hima tarixi rayonu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə krallığın mədəniyyət naziri, şahzadə Bədr bin Abdulla bin Fərhan məlumat verib. O diqqətə çatdırıb ki, qədim qayaüstü rəsmləri ilə məşhur olan bu rayon təşkilat tərəfindən “bəşər irsinin universal dəyəri” kimi xarakterizə edilib.
Tarixən Həcc ziyarətinə gedən zəvvarların karvan yolunun üzərində yerləşən Hima tarixi rayonunda qədim bədəvi qəbilələrinin və səyahətçilərin çəkdikləri unikal qayaüstü rəsmləri və yazılar mövcuddur. Qədim heroqliflər musnad, tamud, nabateya qəbilələrinə və erkən ərəb mədəniyyətinə məxsusdur.
Hima tarixi rayonu Səudiyyə Ərəbistanının UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş altıncı irs nümunəsidir.