Ermənistanda 2021-ci ilin yanvar-iyun ayları başqa bir rekordla əlamətdar olub. Ancaq bu "rekord" heç də Ermənistan əhalisinin yaşayış səviyyəsi yüksəlməsi, yaxud ölkənin iqtisadi inkişafı ilə bağlı deyil. Əksinə, vətəndaşların yaşayış yerlərini dəyişdirmək, daha konkret desək, Ermənistanda demoqrafik vəziyyətlə əlaqədardır. Məhz bu “səviyyə” ermənilərin, Ermənistan rəsmilərinin "kürkünə birə salıb".
Beləliklə, əlahəzrət faktlara müraciət edək. NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu ilin 6 ayı ərzində Ermənistanın 21.9 min sakini təkcə Rusiya Federasiyasının vətəndaşlığını alıb. Bu da keçən ilin eyni dövrünün göstəricisindən, demək olar ki, 7.8 min nəfər (və ya 1.6 dəfə!) çoxdur.
Erməni analitiklər bu hadisənin üstünü ört-basdır etmək üçün vətəndaşların öz ölkəsini nə üçün tərk etməsini analiz etmək əvəzinə, diqqəti boş statistik rəqəmlərə yönəltməyə çalışırlar. Statistik rəqəmlərdə (ermənilərin "fakt"larına inansaq) Ermənistanda sosial problemlərin həlli ilə bağlı müsbət dəyişikliklər baş verdiyi halda, Rusiyada həyat səviyyəsi aşağı düşüb, əmək miqrantlarının iş tapa bilməsi çətinləşib və s. Burada bir vacib məqama da toxunaq, yaşayış standartları baxımından Rusiya ilə Ermənistanı heç bir halda tərəzinin eyni gözünə qoymaq olmaz. Şimal qonşumuz olan Rusiyada xalqın yaşayış səviyyəsi aşağı düşsə də, yenə də Ermənistanla müqayisədə yüksəkdir. Yoxsa on minlərlə insanın Rusiya vətəndaşlığını almaq istəyini başqa bir şəkildə necə izah etmək olar? Praktik olaraq Ermənistan vətəndaşları konkret hədəfləri rəhbər tuturlar.
Əlavə edək ki, Beynəlxalq Valyuta Fondunun (BVF) reytinqində ölkələrin adambaşına düşən ÜDM-ə (alıcılıq qabiliyyəti pariteti) görə Rusiya ötən il 48-ci, Ermənistan isə 88-ci olub. Yanvar-aprel aylarında Rusiyada real əmək haqqı illik nisbətdə 2,9% artıb, Ermənistanda isə 1% azalıb. Rusiyada orta pensiya indi təxminən 200 dollardır və Ermənistanda isə keçən ilin sonunda hətta 90 dollar səviyyəsinə çatmayıb.
İş tapmaqda çətinliklərə gəldikdə, cari ilin yanvar-mart ayları üçün məlumatlara görə, Ermənistan vətəndaşlarının Rusiyada miqrasiya qeydiyyatına alınması halları 289,9 minə çatıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 90,9 min (və ya 1,5 dəfə) çoxdur.
Rusiyada qeydiyyatdan keçmə hallarının ümumi sayından iş (gəliş məqsədi ilə) 202.3 min hadisədə göstərilir. Bu, keçən ilin yanvar-iyun səviyyəsindən demək olar ki, 4 dəfə (!) çoxdur. Yəni bir çoxları üçün Ermənistanda yox, Rusiyada iş tapmaq (qəbul edilə bilən maaşla) daha çox şans var. Yanvar-may aylarının məlumatlarına görə, inşaatın fiziki həcmi illik bazada 3,5%, pərakəndə ticarət isə 10% (!) artıb. Xatırladaq ki, Ermənistanın əmək miqrantlarının əsas hissəsi məhz bu sahələrdə çalışırlar.
Bu il isə Rusiyaya köç etmək və eyni zamanda vətəndaşlıq almaq tamamilə yeni səbəblərlə bağlıdır. İqtisadi amillərlə yanaşı, 44 günlük Vətən müharibəsinin Ermənistan üçün ağır nəticələri, eləcə də Azərbaycan-Ermənistan sərhədlərində davamlı gərginlik və davamlı təxribatlar böyük əhəmiyyət kəsb edir. Bir çox insanın ailələrinin, xüsusən də uşaqlarının gələcəyi və təhlükəsizliyi üçün artan narahatlığı var. Ona görə də Ermənistandan köçmək, o cümlədən Rusiya vətəndaşlığını qəbul etməyi ermənilər yeganə çıxış yolu hesab edirlər.