Son vaxtlar Ermənistan ordusunda adi hal alan faktlardan biri də rüşvətxorluqdur. Bu günlərdə hərbi hissələrin birində ortaya çıxan rüşvətxorluq faktı böyük narazılığa səbəb olub.
NUHÇIXAN İnformasiya Agentliyi bu ölkə KİV-inə istinadla xəbər verir ki, yayılan məlumatlarda Ararat vilayətinin Armaş qəsəbəsində yerləşən hərbi hissədə qulluq edən hərbçilər Edqar Zavtilyan, Artur Volodyan, Qriqori Qriqoryandan ordu sıralarından tərxis olunmaları üçün böyük miqdarda rüşvət tələb edildiyi bildirilib. Hərbi qulluqçular hələlik hüquq-mühafizə orqanlarına müraciət etməsələr də, yaxın vaxtlarda ehtiyata buraxılmasalar, rüşvət tələb edən şəxs barədə hərbi prokurorluğa ərizə yazacaqları haqda komandanlığı xəbərdar ediblər.
Qeyd edək ki, 44 günlük müharibədən sonra Ermənistan ordusundan təcili surətdə tərxis edilərək ölkədən çıxıb getmək istəyənlərin sayı gündən-günə artır. Bu, həm Azərbaycan Ordusunun parlaq Qələbəsi nəticəsində Ermənistan silahlı qüvvələrində yaranan xaos, hərc-mərclik, özbaşınalıq, ruh düşkünlüyü, həm də son vaxtlar Ermənistan tərəfinin sərhəd rayonlarında vəziyyəti gərginləşdirmək məqsədilə törətdiyi təxribatlarla əlaqədardır.