Türkiyənin Muğla vilayətinin Marmaris bölgəsində yanğınların əhatəsi və şiddəti güclənib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, havaların kəskin isti keçməsi və dəyişən istiqamətli külək söndürülmüş ocaqlarda soyutma və lokallaşdırma işlərini çətinləşdirir. Bir sıra hallarda göstərilən səbəblərdən sönmüş sahələrdə təzədən alovlar yüksəlir.
Hisarönü məhəlləsində yanğınların yaşayış məskənlərinə doğru səmt alması əhalini təşvişə salıb. Hazırda bu bölgə helikopterlərin intensiv çalışdığı ərazilərdəndir.
Qeyd edək ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasedici heyətdən ibarət birinci qrupu iyulun 31-dən başlayaraq bu bölgədə fəaliyyət göstərir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Ötən gün axşam saatlarında isə FHN-in daha bir yanğın-xilasetmə qrupu qardaş ölkəyə yola salınıb.
İkinci qrupa 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedici daxildir.
Bu qrup artıq Türkiyə ərazisinə daxil olub və hazırda yanğınların baş verdiyi bölgəyə çatmaq üzrədir.
İlkin məlumata görə FHN-in digər qüvvələri də Marmaris bölgəsindəki yanğın ocaqlarının zərərsizləşdirilməsinə cəlb olunacaqlar.