Muğlanın Köyceğiz rayonunda beş kəndin əhalisi təxliyə olunub - FOTOLAR
Avqustun 4-də Muğla vilayətinin Köyceğiz rayonundakı meşə yanğınlarının şiddətlənməsi beş kəndin əhalisinin təxliyəsinə səbəb olub.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, rayonun Çayhisar, Sazak, Pınar, Zeytinalanı və Bəyabbası kəndlərinin əhalisi təhlükəsizlik məqsədilə tam şəkildə köçürülüb.
Türkiyəyə qardaş yardımına gələn azərbaycanlı yanğınsöndürənlərin böyük bir hissəsi Bakı vaxtı ilə saat 14:30 radələrində Sazak kənd məscidinin ərazisinə gəliblər. Burada yanğınsöndürənlərimiz müəyyən olunan təyinat üzrə işlərini davam etdirəcəklər. Bölgəyə yardım üçün gələn qüvvələrin əsas hissəsi buradan idarə olunur.
Hazırda rayonun dörd bir tərəfindən yanğınlar müşahidə olunur. Daxili yollarda nəqliyyatın hərəkəti dayandırılıb. Yanğının asfalt yolları əhatə etməsi ciddi risklər yaradıb. Zəruri işlər, o cümlədən təxliyə yanğın dövründə salınmış alternativ torpaq yollarla həyata keçirilir.
Qatı tüstü və duman ətraf ərazilərdə nəfəs çatışmazlığı yaradıb.
Yanğınların qarşısını almaq üçün helikopter, ağır texnika və yağınsöndürən maşınlar intensiv çalışır.