Ermənistan iqtisadiyyatı İkinci Qarabağ müharibəsindən sonra hələ də özünə gələ bilmir. Ərzaq, yanacaq, tikinti materiallarından tutmuş, sosial xidmətlərə qədər hər sahədə bahalaşma müşahidə olunur. Qiymət artımları ilə bağlı statistika komitəsi ilin ayrı-ayrı rüblərində məlumatlar da yayır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ermənilər indi də ət bazarında növbəti qiymət artımının, yeni bahalaşma dalğasının şahidi olub.
"Joğovurd" qəzeti bu barədə yazıb:
Ermənistanda ərzağın qiyməti qalxıb: "Ölkədə ən çox istehlak edilən donuz ətinin qiyməti qalxıb. Məsələn, bir kiloqram donuz əti 3700 dram idisə, hazırda bazarda 4000 dramdan ucuz ət tapmaq mümkün deyil. Bu ilin yanvar-may aylarında Ermənistanda donuz əti istehsalının həcmi 3,4% azalıb. Mütəxəssislərin fikrincə, son zamanlar ətin bahalaşmasının əsas səbəbi istehsalın zəifləməsidir.
Bundan əlavə, keçən il 2019 -cu ilə nisbətən Ermənistana daha az donuz idxal edildi. Mal ətinin də qiyməti artıb. Bir kiloqram mal əti 2900 dramdan 3000 drama qalxıb, quzu əti isə 4500 dramı keçib".
Nəşr yazır ki, ət bazarında qiymət artımı dalğası hələ yeni başlayır. Çünki fermerlər hazırda yem almaqda problem yaşayırlar. Ermənilərin ən çox istehlak etdikləri ərzaq növü olan ətdə ciddi qiymət artımlarının yaranması digər məhsullara və xidmət sahələrinə də təsir edəcək. Məsələn, restoran, turizm və yarımfabrikat məhsulların istehsalı bundan zərər çəkəcəklər:
"Ölkədə yem çatışmazlığı var və heyvan yemi tapa bilməyən bir çox erməni fermer öz mal-qarasını kəsib satmaq məcburiyyətində qalır" ,- "Joğovurd" yazıb.