İrəvanda Azərbaycanda saxlanılan erməni məhbusların yaxınları etiraz aksiyası keçiriblər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hökumət binasının qarşısına toplaşan etirazçılar baş nazir Nikol Paşinyanla görüş tələb ediblər.
"Oğlanlarımızın nə vaxt qayıdacağını bilmək istəyirik. Bizə dəqiq tarix lazımdır. Səkkiz ay aldatdılar, amma hamımız uşaqlarımızı gözləməyə davam etdik. Bütün suallarımıza cavab verilməyənə qədər buradan ayrılmayacağıq. Evimizə necə dönək? Əzizlərimizə nə cavab verək?",- məhbuslardan birinin atası jurnalistlərə deyib.
Əsgər atası hər şeyə hazır olduğunu, müddətsiz aksiyadan aclığa qədər bütün növ etiraz tədbirləri keçirə biləcəklərini bəyan edib. O, həmçinin bildirib ki, oğlu ilə 4 gün əvvəl telefonla danışıb. Amma bu valideyn üçün kifayət etmir.
Etirazçılar baş nazir Nikol Paşinyanın, yaxud da konkret cavab verəcək digər şəxsin onları qəbul etməsini tələb ediblər.