Bu gün Ermənistan üçün yenə ən ciddi problemlərdən biri demoqrafiya sahəsində qeydə alınan böhrandır. Xatırladaq ki, Ermənistanın əhalisi 1990-cı ildən başlayaraq davamlı surətdə azalmağa doğru gedir. Rəsmi məlumatlara əsasən, ölkənin əhalisi 2,9 milyon, doğum səviyyəsi isə 1,6 milyon nəfərdir ki, bu da özünübərpa səviyyəsindən çox aşağıdır.
Ekspertlər bildirirlər ki, Ermənistan artıq demoqrafik böhran həddinə çatıb və tədricən depopulyasiyaya, yəni ölüm nisbətinin doğum səviyyəsini üstələyəcəyi mərhələyə yaxınlaşır. Çünki bütün ölkə üzrə ölüm sayı doğum səviyyəsini aşıb.
Ermənistan Statistika Komitəsinin son məlumatları da vəziyyətin acınacaqlı olduğunu təsdiq edir. Qurumun bildirdiyinə görə, ölkənin ali məktəblərində 15 000 min tələbə yeri boş qalıb. Erməni təhsil eksperti Atom Mxitaryan bildirib ki, bu, ölkənin gələcəyi üçün əsl fəlakətdir. Çünki proses getdikcə dərinləşir və bu rəqəm hər il artmaqda davam edəcək.
Ermənistanda təhsilin keyfiyyətindən danışan ekspert bildirib ki, hazırda tələbə çatışmazlığının kökündə duran məsələ təhsildəki problemlər deyil, demoqrafik böhrandır. Ölkə əhalisinin sayının azalması artıq gənc nəslin sayında özünü büruzə verməyə başlayıb. Məlumata görə, əvvəllər ölkəni əsasən iş qabiliyyətli əhalinin yaşı 30-dan yuxarı hissəsi tərk edirdisə, indi erməni ailələri uşaqları ilə birlikdə gedirlər.
Ölkəni tərk edən ailələrin uşaqlarını özləri ilə aparması halları keçən ilin payızında baş verən 44 günlük İkinci Qarabağ müharibəsindən sonra daha da sürətlənib. İctimai fəalların dediyinə görə, erməni ailələr uşaqlarının gələcəkdə baş verəcək növbəti müharibələrə qurban getməməsi üçün onları əsasən Rusiya olmaqla, digər xarici ölkələrə apararaq oradakı məktəblərə qoyur və qeydiyyata salırlar. Ermənistandakı demoqrafik vəziyyəti analiz edən ekspertlər onu da deyirlər ki, ölkəni tərk edən ailələrin 90 faizdən çoxunun geri qayıtmaq haqqında fikirləri yoxdur.
Rusiya Federal Miqrasiya Xidmətinin bir çox regionlarda apardığı monitorinqlərin nəticələrinə görə, bu ilin əvvəlindən başlayaraq Ermənistandan Rusiyaya köçənlərin sayı 50 mini keçib. Bunu 2020-2021-ci illərdə 10 mindən çox Ermənistan vətəndaşının xarici ölkələrin vətəndaşlığını qəbul etmələri faktı da təsdiqləyir.
Ermənistanın iqtisadçısı Ara Qaloyan da məsələ ilə bağlı həyəcan təbili çalanlar sırasındadır. O qeyd edir ki, Ermənistan əhalisinin bütün bölgələr üzrə kəskin azalması prosesi davam edir: “Pandemiya dövründə sərhədlərin bağlanması səbəbindən demək olar ki, dünyanın bütün ölkələrində əhalinin sayı ilə bağlı müsbət məlumatlar müşahidə edilir. Amma Ermənistana sərhədlərin bağlanması da kömək etmir. Ölkə əhalisi fəlakətli surətlə azalır”. Onun sözlərinə görə, Ermənistanda həm şəhər, həm də kənd əhalisi azalır: “Rəsmi məlumatlara görə, ötən il, məsələn, Gümrüdə 112,5 min əhali yaşayırdı. Bu il rəsmi rəqəm 111 mindir. Eyni hal Ermənistanın bütün vilayət mərkəzlərində müşahidə olunur. İstisnasız olaraq keçən illə müqayisədə bütün rayon mərkəzlərinin əhalisi azalıb”.
A.Qaloyan ötən illə müqayisədə əhalinin sayının daha çox azalmasının Qafanda, Gorusda, Mehridə və Qarakilsədə müşahidə olunduğunu vurğulayıb: “Bu gedişlə Zəngəzur və Tavuş vilayətlərində bir neçə ildən sonra bir erməni belə, qalmayacaq. Həmin regionların əhalisi kütləvi şəkildə paytaxt Yerevan istiqamətinə köç etməyə davam edir”.
Erməni ekspertləri özləri də etiraf edirlər ki, kütləvi mühacirət və ağır sosial-iqtisadi vəziyyət nəticəsində ölkə əhalisinin sayı bundan sonra da azalacaq. Onların fikrincə, Ermənistandan mühacirət edənlərin əksəriyyəti işçi qüvvəsi və reproduktiv yaşda olan insanlardır ki, bu da qəti olaraq yaşlı əhalinin say nisbətinin artmasına gətirib çıxarır və nəticədə ölkənin demoqrafik tarazlığı pozulur.
Elçin Cəfərov
“Azərbaycan”